İşğaldan azad edilmiş ərazidə qəzaya düşən vəzifəli şəxslər işdən çıxarıldı

0
394

Tərtər rayonu ərazisində yol qəzasına düşən vəzifəli şəxslər işdən çıxarılıb.

Bu barədə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov qərar imzalayıb.

Qərara əsasən, rayonun Talış kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Anar İsmayılov, Ağabəyyalı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Orxan Ağayev, Canyataq kənd inzibati ərazi dairəsinin baş məsləhətçisi – baş mühasibi Nicat Quliyev, Çaylı kənd inzibati ərazi dairəsinin baş məsləhətçi – baş mühasibi Göyüş Muradov vəzifələrindən azad edilib.

Tərtər Rayon İcra Hakimiyyəti faktı təsdiqləyib.

Qeyd edək ki, hadisə ötən həftə işğaldan azad edilmiş Suqovuşan-Talış yolunda qeydə alınıb.

Belə ki, rayonun Talış kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi A.İsmayılov idarə etdiyi “Opel” markalı avtomobillə hərəkətdə olan zaman havanın qarlı və buzlu olması səbəbindən idarəetməni itirib və maşın yolun kənarına aşıb. Nəticədə A.İsmayılov və onun sərnişinləri – O.Ağayev, N.Quliyev, G.Muradov və Cahid Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Həmin şəxslər Tərtər Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Müayinə zamanı C.Quliyevə döş fəqərələrinin sınığı diaqnozu qoyulub. Lakin onun vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Yaralı cərrahi əməliyyat olunub.

Faktla bağlı Tərtər Rayon Polis Şöbəsində araşdırma aparılır.