Azərbaycan Məktəbinin şagirdləri Vaşinqtonda milli rəqslərimizi nümayiş etdiriblər

0
611

Vaşinqton şəhərində fəaliyyət göstərən Azərbaycan Məktəbinin şagirdləri tərəfindən ABŞ paytaxtının ən məşhur məkanlarında Azərbaycan mədəniyyətinin təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Demokratik Respublikasının yaranmasının 101 illiyi ilə əlaqədar olaraq şagirdlər Vaşinqtonun Linkoln Memorial və Prezident parklarından biri olan Ellips parkında Azərbaycan rəqslərini nümayiş etdiriblər. Azərbaycan Məktəbi xüsusi qonaq qismində rəqqaslar Məryəm Nəcəfzadə və Əli Mustafayevi dəvət edib. Rəqqaslar “Qafqaz” rəqsi ifa ediblər. Ətrafda toplaşan çoxsaylı izləyicilər, şəhər sakinləri və turistlər rəqsə və bayram əhval ruhiyyəsinə qoşulublar. İfa olunan rəqslər ziyarətçilər tərəfindən maraqla qarşılanaraq alqışlanıb.

Qeyd edək ki, Azərbaycan Məktəbi 2017-ci ilin fevral ayında təsis edilib. Ölkəmizin ABŞ-dakı səfirliyinin dəstəyi ilə ABŞ-Azərbaycan Ticarət Palatası nəzdində Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzində fəaliyyət göstərir. Əsasən Vaşinqton və ətraf şəhərlərdə yaşayan azərbaycanlı uşaqların cəlb olunduğu məktəbdə milli dəyərlərimiz aşılanır, Azərbaycan dili dərsləri keçirilir və milli bayramları birlikdə qeyd etmək imkanını yaradılır.