Qərbi Azərbaycandakı minlərlə abidəmizi ermənilər dağıdıb – FOTOFAKT

0
366

Hazırda Ermənistan adlanan qədim Azərbaycan torpaqlarında 8000 tarixi və mədəniyyət abidəmiz olub, lakin onların böyük əksəriyyəti ermənilər tərəfindən dağıdılıb, bir qismi isə erməniləşdirilib.

Bunu mədəni dəyərlər üzrə tədqiqatçı ekspert, Beynəlxalq Memarlar Akademiyasının Moskva şöbəsinin professoru, Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin üzvü Faiq İsmayılov deyib.

Onun sözlərinə görə, dağıdılan abidələr Azərbaycanın islam dövrü, erməniləşdirilən abidələr isə xristian dövrü və xristian dövrünə qədərki abidələri olub.

F.İsmayılov bildirib ki, hazırda Ermənistan ərazisindəki Azərbaycan abidələrinin nə qədərinin mövcudluğunu qoruyub saxladığı tam məlum deyil. O, bu sahədə dəqiqləşdirmələrin aparılmasına ehtiyac duyur:

“Cənubi Qafqazda tarixən heç bir erməni siyasi qurumu mövcud olmayıb. Ermənilər üçün ilk dövləti bu regionda sovet Rusiyası və Antanta dövlətləri 1920-ci ildə Qərbi Azərbaycan torpaqlarında yaradıblar. Sovet İttifaqı dövründə azərbaycanlılar bu torpaqlardan sıxışdırılıb çıxarılıb və onlara məxsus mədəni-irs nümunələri dağıdılıb, böyük sayda tarix və mədəniyyət abidələri və yer adları erməniləşdirilərək mənimsənilib.

1988-ci ildən sonra kütləvi terrora məruz qalan azərbaycanlılar bu əraziləri tərk etməyə məcbur oldular və bundan sonra bu ərazidə qalan azərbaycanlılara məxsus olan az sayda maddi-mədəniyyət abidələri də ermənilər tərəfindən dağıntılara, məhvə məruz qaldı”.

Tarixi mənbələr əsasında indiki Ermənistan ərazisində mövcud olan qədim abidələrimiz haqqında məlumat verən tədqiqatçı qeyd edib ki, 1915-ci il məlumatına görə, Zəngəzur və İrəvan quberniyasının ərazisində 391 məscid fəaliyyət göstərib. İrəvan quberniyasında məscidlərin artma dinamikası 1904-cü ildə 201, 1911-ci ildə 342, 1915-ci ildə 391 olub. Bu artım dinamikası bölgələrdə müsəlman ruhanilərinin güclü mövqeyindən xəbər verir. Zəngəzurda 36 məscid, Eçmiədzində 36, Sürməlidə 47, Şərur-Dərələyəzdə 63, Novobayəzeddə 14, İrəvanda 54 məscid fəaliyyət göstərib. Lakin bu məscidlərdən yalnız İrəvandakı Göy məscid təmir edilib, Mehridəki bir məscid isə kilsəyə çevrilib.

Sunik bölgəsinin Aqarak kəndi ərazisindəki bu Qafqaz Albaniyası dövrü abidəsi məqsədli şəkildə dağıdılmaya məruz qalıb.

Tavuş bölgəsinin Dilican şəhəri ətrafında olan üç məbədin hamısının qapısının üstündəki yazılar ermənilər tərəfindən silinib.