“Ana harayı” abidəsini ziyarət əvvəlki illərdən fərqli təşkil ediləcək – DİN

0
447

Hər il olduğu kimi, bu il də xalqımız Xocalı soyqırımı qurbanlarının unudulmaz və əziz xatirəsini böyük kədər və hüznlə qeyd edəcək, vətəndaşlarımız anım mərasimlərinə qatılacaqlar.

Daxili İşlər Nazirliyindən  verilən məlumata görə, bu zaman onların koronavirus infeksiyasına yoluxma risqinin çox olmasını və mövcud karantin rejiminin tələblərini nəzərə alaraq bu il Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar paytaxtın Xətai rayonu ərazisində yerləşən abidəni ziyarət əvvəlki illərdən fərqli təşkil ediləcək.

Belə ki, “Ana harayı” abidəsini ziyarət etmək istəyən vətəndaşlar mütləq qaydada tibbi maskadan istifadə etməli və sosial məsafənin qorunması üçün beş nəfərdən artıq qruplarda toplaşmamalıdırlar. Ona görə də vətəndaşlar abidənin ətrafına beş nəfərlik qruplarla daxil olmalı və dayanmadan ziyarətlərini başa vurub ərazidən çıxmalıdırlar. Abidənin ətrafında insanların toplaşması yolverilməzdir. Ziyarətə gələnlərin təhlükəsiz hərəkətlərini təmin etmək məqsədilə “Ana harayı” abidəsi istiqamətində olan küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Bu tələblər yalnız vətəndaşların sağlamlıqlarının və təhlükəsizliklərinin qorunması məqsədi daşıyır və əminik ki, ziyarətçilər anlayışla qarşılayacaqlar.