Həyata baxışların fərqi

0
700

Insanların xarakteri və taleyi həyata baxışlarını müəyyənləşdirir. Amma oxşar talelər deyil, oxşar xarakterlər bu baxışların yaranmasında daha çox rol oynayır.
Hər birimizin həyatında həm sevincli, həm ağrılı günlər olur. Onların fərqli həcmi talelərə bağlı olsa da, fərqli təsiri də xarakterlərdən asılıdır.
Taleyimizi və xarakterimizi dəyişmək mümkün olmasa da, həyata baxışlarımızın, dözümümüzün, emosiyalarımızın dəyişməsində iradəmizə güvənməliyik.
Iradəsiz insanların da olduğunu nəzərə alsaq, o zaman ictimai köməkdən də hər kəsin bəhrələnə bilməyəcəyi ilə razılaşmalıyıq.
Sevindirici haldır ki, son illər ictimai maraq dairəsinin genişləndiyini müşahidə edirik. Sosial informasiya şəbəkələrinin artması və geniş əhali kütləsini əhatə etməsi insanların təkcə yaxınlarından deyil, tanımadığı insanlardan da dəstək almasına imkan verir. Bu isə insanların yaşam tərzinə və həyata baxışlarına fərqli düzən verir. Bu düzən pis insanları yaxşı insana çevirməsi də, yaxşı insanların həyatında ciddi dəyişikliklərə səbəb olur: Nizam-intizama diqqət göstərilməsi, ictimai-elmi biliklərin artırılması, cəmiyyəti , insanları narahat edən problemlərin həllində toplam münasibət və fəaliyyət. Həyata baxışların bu müsbət yönümündə təəssüf ki, əks tərəflə mübarizə sevindirici xarakter daşımır. Çünki mübarizə apardığımız insanların yaxşıya dönüşlərinə inam yoxdur. Cəzalar pislərin fəaliyyətinə sərhəd qoysa da, həyata baxışlarını dəyişmir. Ona görə də yaxşılar daim özlərini pislərdən, pisliklərdən qorumaq instinkti də yaşamlıdır. Xarakterlərdən asılı olaraq bu mübarizənin fərqli təsirləri müşahidə olunur. Yəni kimisi pisliyə pisliklə cavab verməyi, kimisi başa salmağı, kimisi isə ümumiyyətlə uzaq durmağı lazım bilir. Hər hansı halda bu kimi halların emosiyalara fərqli təsirləri də ürək açan olmur. Həyatı dəyişmək əlimizdə olmasa da, həyatımızı dəyişməyin çox hissəsi özümüzdən asılıdır. Elmi və informasiya biliklərini artırmaq, insani münasibətləri normallaşdırmaq, daim fəaliyyətdə olmaq, gözəllikləri seyr etmək, mütaliə etmək, xeyirxahlıq etmək həyata baxışlarımızın müsbət yönümünü daim qoruyacaq.

Sənubər