4 aydır başında güllə ilə yaşayan xüsusi təyinatlı – VİDEO

0
350

Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin zabiti dörd aydır ki, erməni snayperin onu alnından vurduğu gülləni öz başında gəzdirir. Baş leytenant Zaur Muradov Vətən müharibəsində Murovdağ, Füzuli, Hadrut və Cəbrayıl uğrunda gedən döyüşlərdə iştirak edib. Möcüzə sayəsində sağ qalıb və bu gün başının içində 7,62 millimetrlik güllə ilə gündəlik həyatına davam edir.

Hərbçinin həkimi Elşad Əliyev XTQ zabiti Zaur Muradovla ilk tanışlığını belə xatırlayır:

“Füzulidə gündəlik qaydada işlədiyimiz bir zamanda bir neçə yaralı gətirdilər. Bir prinsipimiz var idi: bütün yaralılar alt paltarına kimi soyundurulur ki, birdən gizlin xəsarət olar, görmərik, sonra isə təzə paltar geyindirilir. Zauru gətirdilər, baxdıq, heç bir ciddi xəsarəti yox idi. Alnının bir hissəsində sanki arı sancıbmış kimi şiş var idi. Bir də əlində, ayağında xırda sıyrıqlar, başqa heç bir xəsarəti yox idi.

Zaura sual verirdik, gözünü açıb cavab verirdi. Danışdırmayanda 2 saniyə sonra yatırdı, huşsuz vəziyyətə keçirdi. Zauru intensiv terapiyaya yerləşdirdik. Səhəri gün tibb bacısı dedi ki, Zaur bütün gecəni yatıb. Onu ayıldıb yemək verilməsini tapşırdım.

Növbəti gün hələ də Zaur ayılmamışdı. Bakıdan da həkim gəldi, yoxladı və belə qənaətə gəldik ki, uzun müddət döyüşdə olduğu üçün tükənmə simptomudur. Qərar verdik ki, Zaur rayon xəstəxanalarının birinə göndərilsin, bir neçə gün sonra da döyüşə qayıdar. Həmin gün isə yalnız otura bilən xəstələri təxliyyə etmək mümkün oldu, buna görə Zaur qaldı.

Çünki oturaq vəziyyətdə də bir neçə saniyə sonra yatırdı. Həmin gün axşam tibb bacısı dedi ki, Zaurun hərarəti yüksəlib. COVID-19-a yoluxmasından şübhələnib tapşırıq verdim ki, ağciyərini rentgen etsinlər. Bizim rentgen həkiminin də çox gözəl bir xasiyyəti var idi, göndərilən pasiyentin bütün bədənini aparatdan keçirirdi. Ona görə Zaurun başını da rentgen etmişdi.

On dəqiqə sonra tibb bacısı rəngi qaçmış şəkildə qaçaraq otağa gəlib dedi ki, Zaurun başında güllə var”.

E.Əliyev bildirir ki, əvvəlcə eşitdiyinə inanmayıb, Zaura qarşı xüsusi həssaslıqla yanaşmağa başlayıblar:

“Zauru yataqdan tük götürürmüş kimi astaca götürüb yenidən rentgen etdim. Kəllə çanağında sınıq olmadığı üçün güllənin hardan girdiyini müəyyən edə bilmədik. Güllənin boşluqda olduğunu, ya da sümüyə girdiyini də dəqiqləşdirə bilmədik. Bu vaxt neçə gündür yatan Zaur qəfildən ayıldı. Başladı danışmağa ki, “həkim, niyə başıma yığışmısız, nə olub?” deyə suallar verdi. Mən dərhal baş həkimə məlumat verdim və onu Ağcabədi xəstəxanasına köçürdük”.

Başından yaralandıqdan sonrakı bir neçə günü xatırlamayan baş leytenant Zaur Muradov da həmin vaxtdan yadında qalanları bölüşüb.

Baş leytenant Zaur Muradov Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə “Hərbi xidmətlərə görə”, “Füzulinin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.