IX siniflər üçün keçirilən imtahanların nəticələri – “CİDDİ QÜSURLAR VAR”

0
772

Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 2-də Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələrinin 9-cu sinfində təhsil alan 37670 şagird üçün buraxılış imtahanının ikinci mərhələsini keçirib.

İmtahanda şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədi ilə tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə ümumilikdə 90 qapalı tipli tapşırıq təqdim edilib.

Ümumiyyətlə, 9-cu siniflər üçün keçirilən imtahanların nəticələri, qiymətləndirmə sistemi ekspertlər tərəfindən necə qarşılanır?

Mövzu ilə bağlı açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, hazırda Diaqnostik, Formativ, Summativ növlər üzrə həyata keçrilən məktəbdaxili qiymətləndirmə tam şəkildə şagirdlərin bilik və bacarıqlarının ortaya çıxarılmasına xidmət etmir. Onun sözlərinə görə, məktəbdaxili qiymətləndirmə ilə bağlı ciddi qüsur və problemlər var: “Biz bunu DİM-in keçirdiyi IX siniflərin buraxılış imtahanlarının nəticələrinə əsasən deyə bilərik.

Əvvəlcə, xatırladım ki, 2008-2009-cu tədris ilindən etibarən məktəbdaxili qiymətləndirmə milli kurikulumun məzmun standartlarına əsaslanır, şagird nailiyyətlərinin və irəliləyişlərinin monitorinqinə, şagirdin fəaliyyətinin təhsil standartlarına uyğunluğunun müəyyənləşdirilməsinə və ümumtəhsil pillələri üzrə buraxılış imtahanlarının aparılmasına xidmət edir. Şagird nailiyyətlərinin qiymətləndirilməsi standartları gözlənilməklə tədrisin təkmilləşdirilməsi üçün qarşıya məqsədlər qoyur, onlara nailolma istiqamətində əldə edilən irəliləyişləri qiymətləndirir, məktəblərin, qrupların və fərdlərin fəaliyyətlərinin monitorinqini həyata keçirərək nəticələr arasında müqayisələr aparır. Hesab edirəm ki, hər hansı bir mərhələsində şagirdlərin ilkin bilik və bacarıq səviyyəsinin qiymətləndirilməsi, təlim prosesinin hər hansı bir mərhələsi üçün müəyyən olunmuş nəticələr əsasında şagirdlərin bilik və bacarıqlarının formalaşma səviyyəsinin qiymətləndirilməsi, təhsilin hər hansı mərhələsində (tədris vahidinin, yarımilin və ilin sonunda) şagirdlərin əldə etdikləri nailiyyətlərin qiymətləndirməsi hal hazırda 4472 orta məktəbimizdə dövlətin tələb etdiyi standartlara uyğun olaraq həyata keçirilmir”. K.Əsədov hesab edir ki, orta məktəblərdə buraxılış imtahanlarına qiymətləndirilmə üsul və formaları tətbiq edilməlidir. Onun szölərinə görə, ilk həyata keçrilməli olan dəyişiklik məktəbdaxili qiymətləndirmənin nəticəsi olaraq şagird biliyinin “100” ballıq şkala ilə də qiymətləndirilməsi tətbiq edilməlidir: “Etiraf edək ki, uzun müddət qiymətləndirmə şagirdə qiymət yazmaq kimi qəbul olunurdu, şagird yalnız qiymət almaq xatirinə oxuyurdu. Qiymətləndirmə təhsilin keyfiyyətinin yüksəldilməsinə yönəldilməlidir və onu idarə edən vacib amil kimi meydana çıxmalıdır. Yeni məktəbdaxili qiymətləndirmə zamanı şagirdlərin təkcə biliklərini yox, eyni zamanda bacarıqlarını da qiymətləndirmək və qiymətləndirmə zamanı fərdi yanaşma tətbiq etmək lazımdır. Təəssüf ki, orta məktəblərdə çalışan 151 min müəllimin məkətbdaxili qiymətləndirmə ilə bağlı fəaliyyəti aşağıdır”.

K.Əsədovun sözlərinə görə, ilk növbədə təhsil nazirliyi müəllimlərin peşəkarlıq səviyyəsinin, qiymətləndirmə bacarıqlarının yüksəldilməsi istiqamətində ciddi iş görməlidir. “Orta məktəblərdə buraxılış imtahanlarının nəticələri ciddi şəkildə təhlil olunmalıdır”-deyə, vurğulayan ekspert, bu gün məktəblərdə bu prosesin getməməsindən təəssüfləndiyini bildirib: “Ona görə də, hər iki IX sinif şagirdləri üçün keçirilən buraxılış imtahanlarının nəticələri çox aşağı səviyyədə olur”.