Azərbaycanda vəzifəli şəxslə bağlı cinayət işi başlandı – RƏSMİ

0
318

Salyan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsində işləyən Abuşov İntiqam Mirzağa oğlunun qanunsuz hərəkətləri barədə toplanmış materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə cinayət işi başlanıb.

Bununla bağlı Baş Prokurorluq məlumat yayıb. 

Belə ki, aparılmış təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri ilə İntiqam Abuşovun COVID-19 pandemiyası ilə əlaqədar rəhbərlik etdiyi Mərkəzdə işləyən həkim heyətinə əlavə hesablanan əmək haqlarının bir qismini qeyri-qanuni yolla onlardan tələb edərək almasına əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, araşdırmalar zamanı İntiqam Abuşovun qanunsuz olaraq tabeliyində işləyən bir neçə işçilərlə əvvəlcədən razılaşaraq, onlara məxsus əmək haqqı kartlarını özündə saxlamaqla, həmin şəxslərə köçürülən aylıq məvacibləri əldə etməsinə, eləcə də tabeçiliyindəki əməkdaşların mütəmadi olaraq işə gəlməməklə əmək stajının hesablanması şəraitinin yaradılması müqabilində 2013-2020-ci illər ərzində müxtəlif məbləğlərdə pul vəsaitini şəxsən və ya vasitəçidən istifadə etməklə onlardan rüşvət qismində almasına da əsaslı şübhələr müəyyən edilib.
 
Hazırda cinayət işi üzrə İntiqam Abuşovun digər qanunsuz hərəkətlərinin aşkar edilməsi, cinayətlərin törədilməsində hər hansı formada iştirak etmiş digər şəxslərin müəyyənləşdirilməsi və vurulmuş ziyanın tam həcminin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.

İstintaqın nəticəsindən olaraq İntiqam Abuşovun və digər vəzifəli şəxslərin əməllərinə hüquqi qiymətin verilməsi təmin ediləcək