16 yaşlı qız Azərbaycanın tarixi abidələrini geyim eskizlərinə köçürdü – FOTO

0
382

Son günlər sosial şəbəkələrdə yayılan əl işləri istifadəçilər tərəfindən maraqla qarşılanıb. Söhbət Azərbaycandakı tarixi abidələrin geyim formasında çəkilən eskizlərindən gedir. Bu maraqlı əl işləri isə 16 yaşlı məktəbliyə aiddir.

Əl işlərin müəllifi Zümrüd Ağasıyeva  modelyer olmaq istədiyini deyib:

“Əsasən geyimlər üzərində maraqlı dizaynlar çəkməyi sevirəm. Təbiətin, heyvanların, maraqlı tikililərin, hətta gözünüzə fərqli görünə biləcək digər məhfumların da görünüşündən ilhamlanıb, onları eskiz üzərində işləyirəm. Məncə, bu yaradıcı insanların özünəxas bir üslubudur. Qarşıya qoyduğum hədəflərim çoxdur. Məqsədim gələcəkdə uğurlu modelyer olmaqdır.

Arzum budur ki, gələcəkdə Azərbaycanla bağlı kolleksiya hazırlayım. Ona görə də ağlıma gəldikcə fikirlərimi eskizlər üzərinə köçürürəm. Gələcək kolleksiyamın bəzi geyimlərini indidən çəkmək qərarına gəldim. Bu rəsmlər ancaq tarixi abidələrdən yox, həm də tanınmış və Azərbaycanı təmsil edən fərqli tikililərdən ilhamlanaraq çəkilib”.

(Soldan sağa: Qız qalası, Gövhər Ağa Məscidi, Ramana qalası, Mömünə Xatun türbəsi, Şəki Xan sarayı, Gülüstan qalası, Qarabağlar türbəsi)

Eskizlərin qısa zamanda bu qədər maraqla qarşılanacağını və yayılacağını düşünmədiyini deyən Zümrüd Ağasıyevanın sözlərinə görə, xaricdə təhsil almağa hazırlaşır:

“Eskizlərimin belə maraq doğuracağını düşünmürdüm. Gələcəkdə İtaliyada təhsil almaq istəyirəm və buna hazırlaşıram. Hətta deyərdim ki, həyatımı da İtaliyada davam etdirməyi planlaşdırıram. Əlbəttə ki, işlərim məni məmnun edəcək səviyyəyə gəldikdə, Azərbaycanla bağlı kolleksiyalar hazırlayıb, dünyaya təqdim edəcəyəm.

Bu işlərdə anam mənə çox dəstək olur. Onun dəstəyi mənim üçün çox önəmlidir. Planlarım arasında Qarabağda şirkətimin bir filialını açmaq da var. Kiçik araşdırma etmişəm və bildiyim qədəri ilə ölkəmizdə bu sahədə gənclərə dəstək olan, moda sahəsindəki yenilikləri izləyən, istedadlı gənclərin inkişafına dəstək olan şirkət yoxdur. Sırf bu sahədə gənclərə dəstək olacaq, maarifləndirəcəl, prossesləri izləyə biləcək bir şirkət yaradacağam. Moda sahəsinə həvəsi olan gənclər üçün bunu edəcəyəm”.