Beşbarmaq qalasının dörd qala bürcündən ikisi aşkarlandı – FOTO

0
445

Azərbaycan Respublikası Prezidentinin 8 iyun 2020-ci il sərəncamı ilə yaradılmış “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun sərhəd və mühafizə zonasının müəyyən olunması, qoruq ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin və turistlər tərəfindən ziyarət olunan əsas mədəni irs obyektlərinin elmi-arxeoloji cəhətdən tədqiq olunması üçün Dövlət Turizm Agentliyi ilə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu arasında imzalanmış müqaviləyə əsasən, qoruq ərazisində ilkin arxeoloji kəşfiyyat işlərinə və elmi tədqiqatlara başlanıb və bir sıra vacib elmi nəticələr əldə edilib.

Arxeologiya və Etnoqrafiya İnstitutundan verilən məlumata görə, AMEA-nın elmi işçisi Sevinc Hüseynovanın rəhbərlik etdiyi “Beşbarmaq” arxeoloji ekspedisiyası tərəfindən qoruq ərazisində ilk dəfə aparılmış elmi tədqiqatların əsas məqsədi tarixi Beşbarmaq qalasının, onun yaxınlığında yerləşən tarixi qəbiristanlığın, orta əsrlərə aid karvansarayın, Sasani dövrünə aid müdafiə səddinin, digər tikililərin memarlıq xüsusiyyətlərini, dövrünü müəyyənləşdirmək, bölgənin gələcəkdə mədəni turizm perspektivləri üçün abidələri tədqiq edərək təkliflər hazırlamaq olub.

İlkin tədqiqatlar nəticəsində Beşbarmaq qala tikililərinin və mənbələrdə adı çəkilən dörd qala bürcündən ikisinin yeri tapılıb, Narınqalanın daxilindəki tikililərin ikisi açılaraq, yeri və təyinatı haqqında bəzi elmi nəticələr əldə edilib.

“Beşbarmaq” Qoruğu ərazisində aparılmış arxeoloji tədqiqatlar ərazinin mədəni irs dəyərinin gələcəkdə yerli və xarici turistlərə daha yaxşı izah edilməsi, müvafiq mədəni turizm məhsullarının hazırlanması, həm də Beşbarmaq ərazisinin elmi-arxeoloji nöqteyi-nəzərindən tədqiq edilməsi üçün bir mərhələ kimi qarşıya çıxıb.

Narınqalanın daxilindəki dördkünc planda olan tikililər sal qaya parçaları ilə hörülüb. 3×4 m ölçülərində olan tikililərin alt hissəsində, dörd qatdan sonra antiseysmik tədbir kimi divarın perimetri boyu seysmik qurşaq adlandırılan kətillər, taxta materialdan tirlər düzülüb.

Otağın şərq divarında oval formada kürsü qurulub. Kürsünün içərisi istinin təsirindən qızarmış və hisdən qaralıb. Otaqlardan XIV-XV əsrlərə aid keramika qalıqları aşkar olunub. Tikililərdən aşağı təbəqədə divar qalıqlarının aşkar edilməsi qalanın daha erkən dövrlərə aid olduğunu söyləməyə əsas verir.

Orta əsrlərə aid mənbələrdə təsvir edilən dörd qala bürcündən biri və bürcə bitişik qala divarının bir hissəsi qazılaraq tədqiq edilib. Səkkiz metr diametrində olan iri daşlardan qurulmuş Narınqala bürcü və qala divarlarının qalıqları burada qala şəhərin mövcudluğundan xəbər verir.

Qalanın cənub şərqində dağılmış tikililərin qalıqları olan sahədə də tədqiqatlar aparılıb.

Buradakı qalıqların XIX-XX əsrin əvvəllərinə aid yaşayış evlərinin dağıntıları olduğu müəyyən edilib. Maraqlısı odur ki, evlərin tikintisi zamanı daha qədim dövrlərə aid sənduqələrdən tikinti materialı kimi istifadə edilib.

Yaşayış evlərinin divarlarında sənduqələrdən tikinti materialı kimi geniş şəkildə istifadə olunmasına ilk dəfədir rast gəlinir. Hər bir dördkünc tikilinin divarlarında bir və ya iki sənduqənin olduğunu müşahidə etmək mümkündür. Sənduqələrin üzəri həndəsi və nəbati ornamentlərlə bəzədilib.

Bəzi naxışların sonu altıguşəli ulduzla yekunlaşır. Paralel divarlarda aparılan kəşfiyyat işləri onlardan birinin istiqamətini müəyyən etməyə imkan verib. Bu divar Qalaşıxı kəndindən başlayaraq dənizə qədər uzanır.

Səddin şimalında, iki yerdə bürc və ya müşahidə qülləsinin qalıqları aşkar edilib. Tədqiqatların sonunda abidənin xüsusiyyətləri, arxeoturizm perspektivləri haqqında təkliflər hazırlanaraq Dövlət Turizm Agentliyinə təqdim olunub.