Milyonlarla nüsxə kitab ermənilər tərəfindən talan edilib

0
476

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasında “Azərbaycanın Ermənistan və Qarabağda məhv edilmiş maddi mədəniyyət abidələri: kitabxanalar, muzeylər, təhsil ocaqları nümunəsində” adlı vebinar respublika elmi konfransı keçirilib. Video konfransa MEK-lə yanaşı, AMEA Naxçıvan Bölməsindən, AMEA-nın İnstitutlarından, həmçinin ölkənin nüfuzlu ali təhsil müəssisələrindən alimlər, doktorant və magistrantlar qatılıblar.

Onlayn konfransı giriş sözü ilə açan AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru, professor Məmməd Əliyev iştirakçıları salamlayaraq, onları qarşıdan gələn 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə təbrik edib. Direktor, Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində xalqımızın yumruq kimi birləşərək, həmrəylik nümayiş etdirdiyini qeyd edib.

Həmçinin, Azərbaycan həqiqətlərinin ölkəmizdən kənarda da təbliğ etmək məqsədilə, bu konfransın materiallarının MEK tərəfindən rus və ingilis dilllərinə tərcümə olunacağını xüsusi nəzərə çatdırıb. Eyni zamanda könüllülük prinsipi əsasında AMEA Mərkəzi Elmi Kitabxanası olaraq işğaldan azad olunmuş rayon, şəhər, kənd və qəsəbələrdə MEK-in yaxından dəstəyi və könüllü qruplarının birgə təşəbbüsləri ilə Kitabxana-informasiya şəbəkəsinin yaradılmasında da üzərlərinə düşən işi yerinə yetirməyə hazır olduqlarını deyib.

AMEA Əlyazmalar İnstitutunun doktorantı, AMEA Mərkəzi Elmi Kitabxanasının Biblioqrafiya şöbəsinin  “Biblioqrafik vəsaitlərin hazırlanması” sektorunun müdiri Təranə Rüstəmova “Qarabağda Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin yaranmasının tarixi və onların Ermənistan tərəfindən məhv edilməsi” mövzusunda məruzə ilə çıxışı zamanı arxiv və kitabxanaların məhv edilməsinin erməni vəhşiliyinin əsasını təşkil etdiyini vurğulayıb.

T.Rüstəmova erməni terrorçuları tərəfindən zəbt olunmuş qədim Azərbaycan torpaqları olan Dağlıq Qarabağ və ona bitişik rayonlarda doqquz Mərkəzləşdirilmiş Kitabxana Sistemi, 927 kitabxana və orada saxlanılan 4,6 milyon nüsxə kitabın talan edildiyini, 13 dünya əhəmiyyətli (6 memarlıq və 7 arxeoloji), 292 ölkə əhəmiyyətli (119 memarlıq və 173 arxeoloji) və 330 yerli əhəmiyyətli (270 memarlıq, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi) tarix və mədəniyyət abidələrinin işğal zonasında qaldığını qeyd edib. Təqribi hesablamalara görə, Azərbaycanın kitabxana-informasiya sahəsinə 20 milyon 815 min ABŞ dolları həcmində maddi ziyan dəydiyi vurğulanıb.

Vebinarın yadda qalan,  maraqlı istirakçısı sərbəst və səlis nitq mədəniyyətinə malik olan Bakı şəhər Nizami rayonu Kamil Əliyev adına 61 saylı tam orta məktəbin 8-ci sinif şagirdi Dunay Mahmudovanın Azərbaycanın Qarabağda məhv edilmiş “Ağdam çörək muzeyi” adlı çıxışı olub.
Sonra vebinar konfrans işini bölmə iclasları ilə davam etdirib.