Xalq artisti Oqtay Zülfüqarovun xatirəsi yad olunacaq

0
511

Mayın 31-də Azərbaycan bəstəkarlıq sənətinin görkəmli nümayəndələrindən biri, Xalq artisti Oqtay Zülfüqarovun anadan olmasının 90 ili tamam olur.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bu münasibətlə həmin gün saat 12.00-da ikinci Fəxri xiyabanda musiqi ictimaiyyətinin iştirakı ilə görkəmli bəstəkarın məzarı ziyarət olunacaq. Həmçinin, mayın 31-də saat 19.00-da Azərbaycan Dövlət Akademik Filarmoniyasında bəstəkarın 90 illiyinə həsr olunmuş anım tədbiri keçiriləcək.

Bundan başqa, iyunun 4-də saat 19.00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında da Oqtay Zülfüqarovun 90 illiyinə həsr olunmuş daha bir tədbir reallaşacaq.

Qeyd edək ki, Oqtay Zülfüqarov 1929-cu il mayın 31-də Bakıda anadan olub. O, 1958-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsini bitirdikdən sonra dahi Azərbaycan bəstəkarı, professor Qara Qarayevin tələbəsi olub.

Geniş yaradıcılıq diapazonuna malik olan sənətkar öz istedadını musiqinin müxtəlif janrlarında sınamış, simfonik, instrumental və kamera əsərləri yaratmış, həm kino, həm teatr sənətinə layiqli töhfəsini vermişdir.

Onun iki simfoniyası, violonçel, fleyta və simfonik orkestr üçün konsertləri, “Şənlən mənim xalqım” uvertürası, “Pişik və sərçə” nağıl-operaları, “Sehrli alma” uşaq baleti, simli kvartetləri, fortepiano triosu, mahnı və romansları musiqi tariximizdə özünəməxsus yer tutur. Bəstəkar yaradıcılığının böyük bir qismini uşaqlara həsr etmişdir. Onun uzun illər ərzində yazdığı “Oxuyur Aysel” silsiləsi, “Telefon”, “Qatar”, “Ovçu”, “Gəlinciyim”, “Kim sevirsə idmanı?”, “Məstanım” və başqa mahnıları bir neçə nəsil uşaqların dillər əzbəri olub.

Görkəmli sənətkarın gənc nəslin yetişməsində xidmətləri danılmazdır. 20 ildən çox bir müddət ərzində o, Azərbaycan Dövlət Uşaq Filarmoniyasının bədii rəhbəri kimi səmərəli işlər görüb.

Oqtay Zülfüqarov 1972-ci ildə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, 2000-ci ildə Xalq artisti fəxri adlarına, 2009-cu ildə “Şöhrət” ordeninə layiq görülüb.