Korona əleyhinə peyvənd bu qiymətə alınacaq – AB

0
440

Avropa Birliyi “Pfizer” və “BioNTech” kompaniyalarının koronavirus əleyhinə hazırladıqları vaksininin bir dozasına 15,5 avro ödəməyə razılaşıb.

Bu barədə AB-nin daxili istifadə üçün yayımlanan sənəddə deyilir.

Üç yüz milyon vaksin dozası üçün razılaşdırılmış qiymət məxfi saxlanılır. Lakin onun ABŞ-ın 100 milyon dozadan ibarət ilk peyvənd partiyası üçün ödədiyi qiymətdən (dozası 19,5 dollar) bir qədər ucuz olduğu məlumdur.

Belçikanın büdcə məsələləri üzrə dövlət katibi Yeva De Bliker Tvitter hesabında təsadüfən koronavirus əleyhinə vaksinin qiyməti barədə məxfi informasiyanı dərc edib. Həmin məlumata əsasən, “Pfizer” və “BioNTech” kompaniyalarının hazırladıqları vaksinin dozasının alış qiyməti 12 avro (14,6 dollar) təşkil etməlidir. Odur ki, bir çoxları bunu AB ilə razılaşdırılmış son qiymət hesab ediblər.

Dekabrın 21-də Avropanın Dərman Preparatları Agentliyinin vaksin barədə yekun qərar verəcəyi, dekabrın 27-də isə üzv ölkələrdə eyni vaxtda kütləvi vaksinasiyanın başlanacağı gözlənilir.