Türkiyə Azərbaycana humanitar yardım göndərdi

0
422

Türkiyənin Diyanət Vəqfi tərəfindən Azərbaycana göndərilən yardım səlahiyyətli nümayəndələrə təhvil verilib.

Türkiyənin Azərbaycandakı səfirliyindən bildiriblər ki, səhiyyə ləvazimatlarından ibarət yardımın Azərbaycan Müdafiə Nazirliyinə çatdırılması üçün Tibbi Ərazi İdarəetmə Birliyinin (TƏBİB) səlahiyyətli şəxslərinə təhvil verilməsi mərasimində Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral və səfirliyin din müşaviri Zeki Yavuz Yılmaz iştirak ediblər.

Səfir Erkan Özoral mətbuata müsahibəsində Qarabağda 44 gün davam edən müharibənin Türkiyədə ciddi bir həssaslıq yaratdığını və ictimaiyyətin Azərbaycana dəstək göstərmək üçün hər cür səy göstərdiyini vurğulayıb.

Vəqfin Azərbaycanın müxtəlif şəhərlərində bundan əvvəl də şəhid ailələrini əhatə edən yardım fəaliyyətlərini həyata keçirdiyini xatırladan E.Özoral diqqətə çatdırıb ki, yenə də həmin kampaniya çərçivəsində Azərbaycan Müdafiə Nazirliyinə yataq dəstləri, tibbi geyimlər, maskalar və dezinfeksiyaedici vasitələrdən ibarət müxtəlif tibbi ləvazimatları təqdim olunacaq. Bu həssaslığı göstərdiyinə görə Türkiyə Diyanət Vəqfinin rəhbərliyinə təşəkkür edib.

Səfirliyin din müşaviri Zeki Yavuz Yılmaz təhvil verilən ləvazimatların yardımdan daha çox dəstək mənası daşıdığını qeyd edərək Azərbaycanın Qarabağdakı qələbə sevincini bölüşdüklərini və vəqfin Azərbaycana yardımlarını davam etdirəcəyini bildirib.