Gözlənilməz hadisələr, yoxsa həyatın sürprizləri…

0
573

Boynumuza almalıyıq ki, nə vaxtsa maska ilə yaşayacağımız heç birimizin ağlından keçməyib.
Gözlənilməz hadisələr, olaylar, görüntülər, məcburiyyətlər artıq həyatın gözlənilən sürprizlərinə çevrilmişdir.

Əlaqədar orqanların xəbərdarlıqları belə hadisələrin tam, real təsvirini proqnozlaşdırmaq qabiliyyətində deyil. Amma insanların əksəriyyəti qorxu və həyəcan hissindən uzaqdır. Bunun səbəbini isə laqeydlik hissləri ilə deyil, yaşam ehtiyaclarının həlli ilə bağlı problemlərin aldığı zamanla əlaqələndirmək daha doğru olardı.

Yaşam problemlərinin gözlənilməz hadisələrin şokuna çarə olmasını hər kəs üçün keçərli hesab etmək də mümkün deyil. Böyük sevinclərlə fəlakətləri birgə yaşadığımız hazırki dövrdə də hər birimiz bunun şahidi oluruq.

Şəxsi zədələri, ağrıları isə ümumxalq kimi, ümumdünya kimi anlayışlarla eyniləşdirmək də qeyri-mümkündür.

Fəlakətlərin ağrısını da onunla qarşılaşanlar kimi heç kim anlaya bilməz. Bütün dünyanın üz-üzə durduğu mövcud pandemiya belə insanların hamısını həyəcan içində yaşatsa da, bundan zərərçəkənlərin ağrısını da bu həyəcanla müqayisə etmək olmaz.

Bu gün hər sabah hansı həyat sürprizləri ilə qarşılaşacağımızı bilmədən, bütün dünya əhalisini birləşdirən yeganə arzu ilə oyanırıq: Gözlənilməz hadisələr fəlakətlərdən uzaq, gözəl həyat sürprizləri olsun.

Amma təəssüf ki, həyat təkcə xoşluqlarla dolu deyil.
Dünyanın fərqli olaylarla çalxalandığı bir dövrdə hər gün fərqli həyat sürprizləri ilə qarşılaşmağa hazır olmağa özümüzü öyrətməkdən başqa çarəmiz yoxdur.

Sənubər