Gəncə şəhər 4 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsinə başçəkmə olub

0
403

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyevanın tapşırığı əsasında Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən əvvəlcədən xəbərdarlıq etmədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin Gəncə şəhər 4 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsinə (publik hüquqi şəxs) planlı başçəkmə həyata keçirilib.

Ombudsmandan verilən məlumata görə, BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyası”nın Fakültativ Protokolu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmədə məqsəd müəssisədə saxlanma şəraitinin və rəftarın, burada qalan şəxslərin hüquqlarının təmin edilməsi, müvafiq şəkildə sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub.

Başçəkmə zamanı müəssisənin əsaslı təmir edilmiş inzibati və yataqxana korpuslarına, palatalarına, yeməkxanası və ərzaq anbarına, digər obyektlərinə baxış keçirilib.        
Müəssisə sakinləri ilə söhbətlər zamanı saxlanma şəraiti və rəftarla bağlı şikayət daxil olmayıb. 
Bununla yanaşı müəssisədə həkim psixiatra ehtiyac vardır. 

Yekunda Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən COVID-19 pandemiyasına qarşı mübarizədə, xüsusi karantin rejimi dövründə bütün sanitar-gigiyenik qaydalara əməl olunmasının zəruriliyi müəssisə əməkdaşlarının diqqətinə çatdırılıb.