Ermənilərdən inanılmaz: 9 noyabrda nə baş verib?

0
401

44 günlük Vətən müharibəsi zamanı atəşkəsə və Azərbaycan Ordusunun dayanmasına nail olmaq üçün dünyanın nəhəng dövlətlərinin rəhbərlərinə gündə bir neçə dəfə zəng vuran Nikol Paşinyan və “ədalətsiz hücumdan” gileylənən erməni mediası 6 gündür, müharibənin dayanmasından sonra erməni əsgərlərinin qəhrəmanlıqları haqda əfsanələr uydurmaqda davam edirlər.Gah müharibənin dayanması və üçlü Bəyanatın imzalanmasını xəyanət və ərazilərin “satılması”, gah Azərbaycanda qalan işğalçı dəstənin darmadağın edilmiş və ayrı-ayrı qruplara çevrilmiş dəstələrinin əmrə tabe olmadan, ərazilərin Azərbaycana təhvil verilməsindən imtina etmələrinin “qəhrəmanlıq kimi” təqdim edilməsi, gah da Bəyanatın şərtlərini pozaraq, müharibəyə davam etməyin vacibliyi haqda təbliğatları davam edir.

İndi isə 9 noyabrda “Türkiyənin xüsusi təyinatlılarının – kommandoslarının Xocavənd istiqamətində erməni ordusunun qarşısından qaçması” barədə Semyon Peqovun statusunu həvəslə paylaşırlar.

Bu, həmən Peqovdur ki, Şuşanın guya erməni işğalçılarının nəzarətində olmasını göstərmək üçün təbliğat materialı hazırlayarkən Azərbaycan əsgərlərinin hücumu qarşısında İrəvana qədər qaçmışdı və bunu utanmadan canlı yayımda da göstərmişdi; bu, həmən Peqovdur ki, Qızıl Xaç Komitəsinin maşınında Hadrut qəsəbəsinə girərək, israrla bu şəhərin də işğalçıların nəzarətində olduğunu göstərməyə çalışmışdı.

Peqovun bütün təbliğatı havaya uçandan sonra da 9 noyabrda onun “erməni ordusunun qarşısında qaçan türk komandoslar” əfsanəsini xalqa həqiqət kimi təqdim etməkdən dəhşətli rüsvayçılıq ola bilməz. Erməni xalqı buna inanırmı, inanmırmı, bu, ayrı məsələdir. Məsələnin mahiyyəti odur ki, erməni təbliğat aparatı yenə də öz nağıllarından əl çəkmək, yalançı, faciəvi uydurmaları ilə xalqı uçuruma yuvarlamaqdan bir addım da geri durmaq istəmirlər.

Halbuki Nikol Paşinyan məhz hərbi komandanlığın israrlı təkidi ilə 9 noyabr gecəsi kapitulyasiyaya imza atdığını sübut etməyə çalışır. İzah edir ki, bütün zirehli texnikası darmadağın olan, heyətinin 40 faizini itirən Ermənistan ordusu cəmi 1-2 gün də savaş davam edəcəyi halda büsbütün məhv olacaqdı.

İndi Rusiyanın tamam məhv olmaqdan və dağılmaqdan qoruduğu ermənilər və onların Azərbaycan torpağında qalmış silahlıları hətta rus sülhməramlılarını belə hədələyirlər. Ötən gün rus Teleqram kanalları işğal etdikləri əraziləri həqiqi sahiblərinə təhvil verməmək üçün “mübarizə aparan” və hərbi rəhbərliyə tabe olmayan erməni silahlıların bunun üçün qarşılarındakı hər kəsə, o cümlədən rus ordusuna “zərbə endirə” biləcəkləri həyasızlığını tirajlayır.

Levon Ter-Petrosyan ötən gün nahaq yerə yazmamışdı ki, “erməninin sonrakı ağlı” anlayışının bu xalqa qəti dəxli yoxdur. Petrosyan özü təsdiqlədi ki, “erməninin sonrakı ağlı da yoxdur”, çünki heç vaxt düşdükləri faciədən nəticə çıxarmırlar.

Hazırda erməni ideoloq və təbliğatçılarının apardığı təbliğat da sübut edir ki, onlar öz xalqlarını cəfəng xülyalara son nəfərinə qədər qurban vermək üçün bütün yalanlardan, uydurmalardan istifadə etməkdə israrlıdırlar…