Uşaq əməyindən istifadə ilə bağlı qanunvericilikdə dəyişikliklər edilib

0
346

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu təsdiqləyib.

Qanunla Azərbaycan Respublikasının Əmək Məcəlləsində aşağıdakı dəyişikliklər edilir:

174-cü maddənin 3-cü hissəsində “spirtli içkilər” sözləri “alkoqollu içkilər, 18 yaşına çatmamış işçilərə energetik içkilər, habelə” sözləri ilə əvəz edilir;

250-ci maddənin birinci cümləsi aşağıdakı redaksiyada verilir:

“Əmək şəraiti ağır, zərərli olan iş yerlərində, habelə yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə, əxlaqi kamilliyinə mənfi təsir göstərən gecə klublarında, barlarda, alkoqollu və energetik içkilərin, tütün məmulatlarının, toksik preparatların istehsalı, daşınması, satışı və saxlanılması işlərində, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə bağlı olan və həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən digər işlərdə yaşı 18-dən az olan şəxslərin əməyinin tətbiq edilməsi qadağandır.”.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 192-1-ci maddəsinin adı aşağıdakı redaksiyada verilir:

“Lotereyaların və idman mərc oyunlarının təşkili və ya keçirilməsi qaydalarının pozulması”.

Eyni zamanda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndində “401” rəqəmləri “401.1, 401.2” rəqəmləri ilə əvəz edilir.

Bundan başqa, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin üçüncü hissəsi aşağıdakı redaksiyada verilir:

“Alkoqollu və energetik içkilərin, tütün məmulatlarının uşaqlara satılması, əmək şəraiti ağır, zərərli olan iş yerlərində, habelə yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə, uşaqların əxlaqi kamilliyinə mənfi təsir göstərən gecə klublarında, barlarda, alkoqollu və energetik içkilərin, tütün məmulatlarının, toksik preparatların istehsalı, daşınması, satışı və saxlanılması işlərində, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə bağlı olan və uşaqların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən digər işlərdə uşaq əməyinin tətbiq edilməsi qadağandır.”.