Zəngilandakı qızıl yatağının qanunsuz istismarında Rusiyanın da iştirakı olub…

0
548

“Novosibirskdəki zavodlardan biri separatçı erməni rejimini “Dağlıq Qarabağ Respublikası” kimi, digəri isə həm də Ermənistan ərazisi kimi təqdim edib…”

Məlum olduğu kimi, Azərbaycan Respublikası Baş Prokurorluğunda Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz sahibkarlıqla məşğul olmaq faktı ilə bağlı 2015-ci oktyabrın 21-də və 2018-ci il martın 21-də Cinayət Məcəlləsinin 192.2.3 (qanunsuz sahibkarlıq) və 318.2-ci (dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə cinayət işləri başlanıb.  Həmin cinayət işlərindən birinin artıq işğaldan azad olunmuş Zəngilan rayonunun Vejnəli kəndi ilə bağlı olduğu deyilir.  

Müəyyən edilib ki, “İsveçrə Konfederasiyasında rəsmi qeydiyyatdan keçmiş “Vallex Group” şirkətlər qrupunun filialı olan “Base Metals” Qapalı Səhmdar Cəmiyyəti 2009-2017-ci illər ərzində 301 milyon 918 min manat qanunsuz gəlir əldə edib: .”Vallex Group” şirkətlər qrupunun maliyyə investoru, İsveçrə Konfederasiyasının vətəndaşı Vartan Sirmakes və rəhbəri Valeri Mejlumyan, o cümlədən həmin şirkətlər qrupuna daxil olan “Base Metals” QSC-nin icraçı direktoru Artur Mkrtumyan Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. Barələrində məhkəmənin qərarları ilə qiyabi həbs seçilməklə istintaq orqanı tərəfindən beynəlxalq axtarış elan edilib”.
Vejnəli kəndindəki qızıl yatağının Ermənistan tərəfindən qanunsuz istismarında Rusiyanın bir neçə zavod-şirkətinin də dolayısıyla iştirakı olub.
İngilis dilində “Narco Karabakh” internet nəşrində yayılmış məlumatdan belə bəlli olur.
2014-cü ilin oktyabr ayında Ermənistanın  “Gold Star”şirkəti  Azərbaycanın o zaman işğal altında olan Zəngilan rayonindakı Vejnəli kəndi yaxınlığında “Tundurget”  adlandırılmış bir qızıl mədəninin  işlənməsinə başlayıb.  Rusiyanın  Novosibirsk şəhərində yerləşən “Tigom”  və “Maşzavod Trud”  maşınqayırma zavodları isə bu mədənin istismarı üçün işğalçı ölkə şirkətinə dağ-mədən avadanlıqları tədarük etmişlər. 

Əlavə araşdırmalardan əldə etdiyimiz məlumata görə,  Rusiyanın hər iki maşınqayırma şirkətlərinin rəsmi saytlarının “Xəbərlər” bölümündə  doğrudan da  təcavüzkar Ermənistanın işğalı altındakı Zəngilanda qızıl yatağının istismarına texniki dəstək verilməsi etiraf edilir. Üstəlik, həmin zavod-şirkətlərdən  biri  Azərbaycan Respublikasının işğal altındakı torpaqlarında qondarılmış separatçı-terrorçu rejimi dırnaqsız-filansız “Dağlıq Qarabağ Respublikası” kimi, digəri isə Ermənistanın tərkib hissəsi kimi təqdim edib.
“Tigom” zavodunun saytında deyilir:  
“2014-cü ilin III rübündə Dağlıq Qarabağ Respublikasında “Gold star” QSC-nin qızılçıxarma zavodu istifadəyə verildi. Qızılın qravitasiya texnologiyası ilə çıxarılması və aparat dizaynı, həmçinin “Maşzavod Trud” tərəfindən tədarük olunan avadanlıqların tənzimlənməsi “TIGOM” mütəxəssisləri tərəfindən həyata keçirilmişdir. Fabrikin açılışı respublika rəhbərliyinin iştirakı ilə  keçirilib».
“Maşzavod Trud” şirkətinin saytında isə belə yazılıb:  

«2013-cü iyun ayında Zavod emal avadanlıqlarının Ermənistan Respublikası Dağlıq Qarabağa göndərilməsini başa çatdıracaq. Layihə işləri üçün müqavilə “TIGOM” QSC tərəfindən həyata keçirilmiş və “Maşzavod Trud” ASC “Gold Star” QSC (Tundirget mədəni) üçün maşınlar istehsal etmiş və təchiz etmişdir. Çatdırılma dəstinə qravitasiya avadanlığı: konsentrasiya masaları, hidrosiklonlar və boşqabvari qatılaşdırıcısı, spiral təsnifatçı daxildir.Ayrıca bir razılaşmaya əsasən “Maşzavod Trud” ASC və “TIGOM” QSC-nin mütəxəssisləri quraşdırma nəzarəti və sahə nəzarəti həyata keçirəcəklər”.
Bundan əlavə, “Maşzavod Trud” zavodunun saytında  beynəlxalq konfranslardan birinin elmi məruzəçilərinin siyahısında Zəngilandakı Vejnəli yatağının qanunsuz istismarı barədə aparıcı əməkdaşlarından birinin adı da keçir:
“ “Tundirget yatağının işlənməsi üzrə tədqiqat və dizayn işləri” (Dağlıq Qarabağ Respublikası, “Gold star” QSC, “TIGOM” QSC, Novosibirsk. Məruzəçi: Zənginləşdirmə laboratoriyasının müdiri Krupina Nadejda Aleksandrovna” 
Bundan sonra söz Azərbaycan Respublika hüquq-mühafizə orqanlarınındır…