Sirmakesin Suqovuşandakı kürü fabriki də, Xankəndindəki bankları da əlindən çıxdı…

0
467

Araik buradakı fabrik hesabına ildə 40-50 ton qara kürü ixrac etmək sevdasından dəm vururdu…  

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının rəsmi qurumları tərəfindən son 30 ildə işğal altında qalan Qarabağdakı yeraltı və yerüstü sərvətlərimizin  istismarına cəlb edilmiş bir sıra  Ermənistan və xarici şirkət və onların sahiblərinin adları sadalanmağa başlanıb,  onlar haqqında axtarış verilib və cinayət işləri qaldırılıb.

Bir neçə gün öncə adı əsasən Zəngilan rayonu Vejnəli kəndində əlvan metal yataqlarının qanunsuz istismarının maliyyə investoru kimi hallanan İsveçrənin dünyaca məşhur saat brendi “Franck Muller Group”un təsisçilərindən biri və baş direktoru Vartan Sirmakesin Kəlbəcər və Laçın ərazisində qanunsuz SES-lər də işlətməsi haqda araşdırma material təqdim edib. Materialın sonunda vurğulanıb ki, müzəffər  ordumuz tərəfindən Zəngilanın Vejnəli kəndi də daxil olmaqla xeyli hissəsinin azad olunduğu, Laçın və Kəlbəcər rayonları ərazisi isə nəzarətə götürüldüyü üçün artıq üzdəniraq dünya şöhrətli iş adamının əlindən bəhs edilən həm qızıl yataqları, həm də SES-lər çıxıb. 

Bu araşdırma yazımızda isə V. Sirmakesin əlindən çıxmış  daha bir neçə  obyektindən  bəhs edəcəyik.
Xarici media mənbələrindən bəlli olur ki,   2015-ci ildən Sirmakes işğal altındakı Qarabağda qanunsuz fəaliyyət göstərən “Golden Fish” adlı qara kürü şirkətinin də sərmayədarı olub. 

Azərbaycan ordusunun əks-hücuma başladığı tarixdən öncəyə aid olan məlumatda deyilir ki, Vartan Sirmakes “ArtsakhHEK” ASC-nin əsas səhmdarıdır. Eyni zamanda o, Tərtər bölgəsinin hazırda işğaldan azad olunmuş hissəsindəki Suqovuşan(“Madagiz”) kəndi yaxınlığındakı su anbarı yanında qara kürü istehsalı üçün “Golden Fish” tərəfindən tikilmiş bir balıq fabriki də daxil olmaqla infrastrukturun tikintisini maliyyələşdirib. 
Əlavə edək ki,  hələ 20İ4-cü ildə Sirmakeslə birgə  Suqovuşanda olan qondarma separatçı-terrorçu rejimin o zamankı qanunsuz  “baş naziri” və indiki yoxa çıxmış  qeyri-qanuni “prezidenti” Araik Arutyunyan artıq bir neçə ilə buradakı fabrik hesabına dünyaya ildə 40-50 ton qara kürü ixrac etmək sevdasından dəm vururdu…   
V.Sirmakes işğal olunmuş  Azərbaycan ərazilərində fəaliyyət göstərən “Artsakhbank” QSC-nin səhmlərinin 66,3% -nin sahibidir, eyni zamanda “Armswissbank” Armenia QSC-nin (digər səhmdar səhmlərin 20% -nə sahibdir. Səhmlər Hollandiyada qeyd olunur(“Beleggingsmaatschappij Jongo BV”). Bunlar Sirmakesin layihələr üçün vəsait yönəltdiyi təşkilatlardır.  O, “Armswissbank” QSC “ArtsakhKHEC” ASC-nin səhmlərinin buraxılışından da cavabdehdir və bu quruma xarici investisiyaların təşviqi ilə birbaşa məşğul olur. Qeyd edək ki, 2012-ci ildə “ArtsaxKHEK” ASC-nin 1200-dən çox səhmdarı var idi. 2012-ci il tarixinə şirkətin nizamnamə kapitalı 10,6 milyard  dram olub, bunun yalnız 47,9% -nin  separatçı-terrorçu erməni rejiminə aid olduğu iddia edilir, qalan hissəsi səhmdarlar, o cümlədən “Franck Muller Group”-un sahibi tərəfindən idarə olunub… 

Bəli, artıq keçmiş zamanda… Çünki Azərbaycan Silahlı Qüvvələri ermənilərin suyunda balıq yetişdirib dünyaya qara kürü ixrac etmək sevdasında olduğu  Suqovuşanı işğaldan tam azad edib, qanunsuz “Artsakhbank”ın əsas ofislərinin yerləşdiyi Xankəndi və Şuşaya isə, Ali Baş Komandanın təbirincə desək, bir nəfəs qədər yaxınıq…