Deputatlar cəbhədəki son vəziyyəti müzakirə ediblər

0
392

“TBMM sədrinin Bakıya təşrif buyurması Azərbaycan xalqına, Dövlət başçısına, Milli Məclisə göstərilən qardaşlıq münasibətinə nümunədir”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Zahid Oruc deyib.

O bildirib ki, bu səfər mənəvi, ictimai-milli gücümüzü artırır:

“Ermənistanın azğın hücumlarının olduğu Gəncəyə səfər edilməsi də Azərbaycan, dünya, Türkiyə mediasında əksini tapacaq. Bu, Gəncə xalqına mənəvi, ruhi qida verəcək. Bu gün müxtəlif ölkələr Azərbaycanın haqlı mövqeyini artıq düzgün dəyərləndirir. Britaniyadan Türkiyəyə verilən reaksiyalarda Azərbaycanın haqq işinin dəstəklənməsi görünür. BP-nin baş Nazirimizə ünvanlanan məktubda, Almaniya rəsmilərinin açıqlamalarında da biz bu dəstəyi görürük. Avropa Şurasından da Ermənistan istədiyini ala bilmədi”.

Deputat Fəzail Ağamalı isə deyib ki, qəhrəman Silahlı Qüvvələrimiz və Ali Baş Komandanımızın rəhbərliyi ilə dövlətçilik tariximizdə unudulmaz səhifələr yaşanır.

O bildirib ki, döyüş bölgəsindən uzaq olan yaşayış məntəqələrimizi vəhşicəsinə raketlərlə atəşə tutan cinayətkar Ermənistana “dur” deyən yoxdur:

“Belə olan halda onların heç birinin bizə və Azərbaycan ordusuna “dur” deməyə mənəvi haqqı çatmır. İndiki tarixi günlərdə bizimlə birgə olan ayrı-ayrı dünya dövlətlərinə, xüsusi olaraq qardaş Türkiyəyə, Pakistana minnətdarlığımı bildirirəm”.

Deputat Bəhruz Məhərrəmov çıxışında beynəlxalq ictimaiyyətinin Dağlıq Qarabağdakı ermənilərlə bağlı narahatlığı olduğunu diqqətə çatdırıb:

“Azərbaycan çox yüksək səviyyədə onlar üçün qarant verib. Bu qarant əvvəldən Dağlıq Qarabağda yaşayan ermənilər üçündür. Sonradan burada məskunlaşdırılan ermənilər üçün deyil. Bu, beynəlxalq hüququn pozulmasıdır. Bu gün bölgədə sülhməramlı amilindən danışılır. Bəli bölgəyə sülhməramlı gəlməlidir, amma onlar Ermənistana gəlməlidir. Bu gün sülhməramlılar Azərbaycan tərəfindən məcburi köçkün olanların öz torpaqlarına qayıtdıqdan sonrakı taleyinə qarant verməlidir. Azərbaycan tolerant siyasətini davam etdirir. Amma Ermənistan üçün bunu demək olmur”.

Deputat Hikmət Babaoğlu isə bildirib ki, bu gün Azərbaycan parlamentinin üzvləri də diplomatik savaşın ön cəbhənin əsgərləridir.

O deyib ki, TBMM sədrinin bugünkü çıxışı Azərbaycan parlament tarixinin şanlı səhifəsidir.