Prezidentin köməkçisi: “Ermənistan saxta məlumat və videolar yayır”

0
361

“Azərbaycan Ermənistan tərəfinə xəbərdarlıq edir ki, Ermənistan ərazisindən Azərbaycana mülki şəxslərə və obyektlərə hücumlar dayandırılmadığı halda, atəşi həyata keçirən legitim hərbi hədəflərə qarşı adekvat tədbirlər görüləcək”.

Bunu bu gün cəbhədəki son vəziyyətlə bağlı keçirilən brifinqdə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib ki, Ermənistan qoşunların təmas xəttində itkilərini gizlətmək üçün yalan fotoşop və digər vasitələrlə saxta məlumat və videolar hazırlayaraq yayır:

“Bu dezinformasiya xarakterli videolar, digər materiallar coğrafi anlayışlar əsasında müəyyən olunaraq ifşa edilir. Bir daha qeyd edirik ki, bizim erməni xalqı ilə işimiz yoxdur. Bunu cənab prezident İlham Əliyev yaralı hərbiçilərimizlə görüşü zamanı da vurğulayıb.

Ermənistan isə məqsədyönlü şəkildə mülki insanları hədəfə çevirməyə çalışır. Biz bir daha Azərbaycanın işğal altında olan ərazilərində yaşayan mülki erməni əhalisinə səslənərək bildiririk ki, bizim onlarla işimiz yoxdur. Onlar da hərbi və döyüş məntəqələrindən, eləcə də Ermənistanın atəş məntəqələrindən kənar dayansınlar”.