Karyerasına atası son qoydu, dostları nankor çıxdı… – Kinomuzun Sərvəri haqda maraqlı faktlar

0
675

Aktyor Arif Mirzəquliyev haqqında maraqlı faktları təqdim edirik.

Arif Teyyub oğlu Mirzəquliyev 6 iyun 1939-cu ildə Bakıda dünyaya gəlib. Atası Teyyub Mirzəquliyev Qusar rayonunun Uqur kəndində həkim işləyib. O, oğlunu gələcəkdə özü kimi həkim görməyi arzulayıb.

***

Orta məktəbi bitirən Arif Moskva Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna daxil olur. İnstitutun sonuncu kursunda təhsil alarkən Arif Mirzəquliyev dalbadal iki filmə – “Görüş” filmində Kamil və “O olmasın, bu olsun” filmində Sərvər obrazlarına çəkilərək, aktyor kimi özünü sübut edir və populyarlıq qazanır.

Təhsilini başa vurub peşəkar aktyor kimi vətənə qayıtmağa hazırlaşan Arifə Bakıdan teleqram gəlir. Bir cümləlik teleqramda belə yazılır:

“Arif, atan ağır vəziyyətdədir. Səni görmək istəyir”.

Tələbə-aktyor təcili Bakıya gəlir, atası Teyyub həkim son nəfəsində ona deyir ki, “mən səni aktyor deyil, həkim görmək istəyirəm”.

***

Teyyub Mirzəquliyevin rəhmətə getməzdən əvvəl Arifi aktyor yox, həkim görmək istəyini dilə gətirməsi oğlunu öz yolunu dəyişməyə məcbur edir. Və Arif bir daha Ümumittifaq Kinematoqrafiya İnstitutuna qayıtmır. Atasının xahişi ilə Moskvadakı təhsilini yarımçıq qoyaraq Bakıya gələn Arif imtahan verib Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olur.

Onların ailəsində hamı həkim idi…

Beləliklə də, Arif Mirzəquliyev Azərbaycan Dövlət Tibb İnstitutunda təhsilini başa vuraraq, nevropatoloq ixtisasına yiyələnir. İncəsənətdən uzaqlaşan Arif Mirzəquliyev ömrünün sonuna kimi Bakıda həkim işləyir.

***

Xəstəxanaların birində həkim işləyən Arif yanına təcrübəyə gələn II kurs tələbələrindən birinə aşiq olur və onunla evlənir. Sonralar hər ikisi eyni xəstəxanada, bir otaqda işləyirlər. Uzun illər Sərvərin kiminlə evləndiyini bilmək üçün onun otağına gənc qızlar gəlib gedir.

Arif Mirzəquliyev uzaq qohumlarından birinə öz evində müvəqqəti məskunlaşmaq üçün yer vermişdi. Bunun üçün qohumunu qeydiyyata da saldırmışdı. Günlərin birində evini satmaq istəyən aktyorun köməklik etdiyi qohumu evdən çıxmır. Deyir ki, mən artıq bu evdə qeydiyyatdayam və burada da yaşayacağam. Arif məcbur qalıb evi hökumətə təhvil verəndən sonra onu oradan güclə çıxarırlar.

Deyilənə görə, “O olmasın, bu olsun” filmində Sərvər roluna əvvəlcə məşhur müğənni Rəşid Behbudovu çəkmək istəyiblər. Sərvəri də əslində Arif Mirzəquliyev yox, Rəşid Behbudov ifa etməli imiş. Həm rejissor, həm də Bədii Şura Rəşid Behbudovu təsdiqləyir. Hətta ona gələn təbrik məktublarında müğənnini ərkyana Sərvər də adlandırırlar. Vəziyyət isə əksinə olur. Ssenari ilə tanış olan R. Behbudov qətiyyətlə roldan imtina edir. Səbəb kimi isə özünü bu rol üçün yaşlı sayır. Bildirir ki, “Sərvər gimnaziya tələbəsidir, gəncdir, mən artıq onun üçün qocayam”. O zaman Behbudovun yaşı 40-a çatırdı.

Arif Mirzəquliyev illər sonra – 1980-ci ildə III dəfə kinoya dəvət olunub və o, bir sıra tanınmış aktyorlarla “Məşədi İbad-80, yaxud köhnə tanışlar” qısametrajlı filminə çəkilib. Burada yenidən Sərvər obrazını canlandırıb, amma bu dəfə başqa ampluada. Həmin film isə elə də uğur qazana bilməyib.

***

Aktyor 1990-cı il avqustun 4-də ürək çatışmazlığından dünyasını dəyişib.

Aktyorun qızı Teyyubə xanım atasının son günlərini müsahibələrinin birində belə xatırlayır:

“O günləri yada salmaq çox çətindir. Atam siqareti çox çəkirdi. İki dəfə infarkt keçirmişdi. Bir dəfə ürəyindən ağrı tutanda özünə söz vermişdi ki, sağalsın, daha siqaret çəkməyəcək. Amma siqareti tərgidə bilmirdi. Atam hamıya həmişə kömək edirdi, amma son nəfəsində ona heç kim kömək edə bilmədi. Hətta təcili yardım maşını da hadisə yerinə gecikdi. Ürəyindən qəflətən sancı tutması nəticəsində dünyasını dəyişdi. Atamdan sonra anam çox əziyyətlə yaşadı. Ona yaşamaq demək olmaz… Ömrünün son dörd ilini yataqdan qalxa bilmirdi. Bir-birlərinə çox bağlı idilər. Anam 2008-ci ildə uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdi. Atamın ölümündən bir il keçməmiş bütün dostları onu unutdular. Halbuki, o insanlar atamın sağlığında evimizin yuxarı başında otururdular”.