Ağadadaş Ağayev: “Virusun da sahibi Allahdır, bizim də”

0
462

Azərbaycanın tanınmış müğənnisi, xalq artisti Ağadadaş Ağayev pandemiya dövründən danışıb.

O,  müsahibəsində bu xəstəliyin qarşısının hökumətimiz tərəfindən yaxşı alındığını bildirib:

“Fevralın birində İstanbuldan Bakıya gələndə koronavirus üçün Azərbaycan hökumətinin nə qədər önləm aldığının şahidi oldum. Onda hələ pandemiya geniş yayılmamışdı. Həkim paltarında olan insanları gördükdə soruşdum ki, bu nə məsələdir? Mənə deyildi ki, Çində yayılmış virusla bağlı tədbir görülür. O vaxtdan Azərbaycan hökumətinə bu baxımdan alqış edirəm”.

64 yaşlı müğənni bu xəstəliyin Allahdan gəlmə olduğunu qeyd edib:

“Bu pandemiya həm də tək Azərbaycanın bəlası deyil. Hər şeyin sahibi Allahdır. Virusun da sahibi Allahdır, bizim də. Allaha təslim olandan sonra hər şey gözəl olur. Hər zaman dualarımda Allaha yalvarıram ki, bu xəstəlikdən ən az zərərlə çıxan millət olaq. Virusun yayılmasının iki üzü var. Bəlkə sabah Azərbaycana bir faydası olacaq?!

Virus sayəsində ailə ortamı qayıtdı. Halbuki pandemiyaya qədər evdə ailələr birgə ola bilmirdi, milli dəyərlərimiz itmək üzrə idi. Pandemiyadan dünyasını dəyişənlərə Allah rəhmət eləsin. Onların da qisməti bura qədər imiş. Bundan sonra Allah ölüm-itim qismət etməsin.

Həmişə uşaqlarıma deyirəm ki, şükür edin. Çünki makinalara bağlı xəstəxanalarda yata da bilərdik. Buna görə də bolluca dua etmək lazımdır. Musiqiçilərdən də narazılıq edən varsa, onların kim olduqlarını bilmirəm. Amma bu virus Allahdan gəlibsə, narazılıq etməyə dəyməz, Allah özü bu dərdi üzərimizdən götürəcək”.

Ağadadaş Ağayev bütün sənət adamları kimi pandemiya şəraitinin tezliklə aradan qalxmasını və toy məclislərinin bərpa olunmasını arzuladığını bildirib. O, hətta toylarda pulsuz oxumağa hazır olduğunu da vurğulayıb:

“Yuxularımız qaçıb. Buna səbəb sevdiyimiz sənəti xalqımıza icraçı olaraq çatdıra bilməməyimizdir. Vallahi-billahi, bu bəla başımızdan getsin, kimin toyudur, pul verər-verməz – mənim üçün maraqlı deyil. Gedib canla-başla oxuyub, öz mənəvi ehtiyaclarımı ödəyərəm. İnsan kimi xalqımızın gözəl toy-büsatını aparmaq istəyərəm. Bu, mənim bir insan kimi, daxili ehtiyacımdır”.