“Sumqayıt”ın Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi olan Şimali Makedoniyanın “Şkendiya” klubunun bir futbolçusunda koronavirus aşkarlanıb.
Komandanın kapitanı Armend Alimi koronavirusa yoluxub.
32 yaşlı yarımmüdafiəçinin testi pozitiv çıxdığından, o, Azərbaycana gələcək heyətdə yer almayacaq. Ancaq futbolçuda koronavirus simptomlarının olmadığı, özünü yaxşı hiss etdiyi bildirilib. Bununla belə, Alimi evdə karantin şəraitində qalacaq.
Qeyd edək ki, “Şkendiya” günorta saatlarında Bakıda olacaq. Sabah “Kapital Bank Arena”da keçiriləcək “Sumqayıt” – “Şkendiya” oyunu saat 20:00-da başlayacaq.