“Formula 1” tarixində “lyuk”la bağlı qəzalar – Fotolar+Video

0
843

Beynəlxalq “Formula-1” avtoçempionatının Bakı Qran-Prisinin ilk günündə az olay yaşanmadı. Onların arasında ən çox müzakirə olunanı “Williams” komandasının pilotu Corc Rasselin ilkin təsnifat praktikası yürüşü zamanı qəzaya uğramasıdır.

Yoldakı kanaliziyasiya “lyuk”unun qalxması nəticəsində Rasselin bolidi sıradan çıxıb.

Qəzadan sonra trasdakı 320 kanalizasiya “lyuk”larının hamısının vəziyyətin yoxlanmasına başlanıb və bu səbəbdən təsnifat yürüşünün növbəti mərhələsinin keçirilməsi təxirə salınıb

Marşallar “lyuk”ları yoxlayıblar.

Hadisə sosial şəbəkələrdə ajiotaja səbəb olub. Həmişə olduğu kimi incə yumorla yanaşı, absurd paylaşımlar və ən pisi, sanki marığa yataraq “Formula-1” yarışında insident gözləyənlərin mazoxist sevincləri gözə dəyib.

“Gördünüz, biz demişdik – pis oldu”, “Ahımız tutdu” kimi sarsaq paylaşımlar, rəylər, açıqlamaların şahidi olduq.

Bədxahlıqla belə yazanların məqsədi bəlli. Onlar var qüvvələri ilə cəmiyyətdə rəy yaratmağa çalışırlar ki, “Formula-1” yarışlarının Bakı mərhələsində C.Rasselin məruz qaldığı “kanalizasiya “lyuk”u hadisəsi” yarışın pis təşkilatçılığı, yolların ürəkaçan vəziyyətdə olmaması ilə bağlıdır.

Həmişə olduğu kimi, qarayaxma kampaniyasının təşkilatçıları məntiq və reallıqdan çox uzaqdır.

Nə baş verib?


“Formula-1” yarışlarında trasa çıxarılan bolidlər çox yüksək sürətlə hərəkət etdiyindən onların altında böyük hava təzyiqi yaranır. O təzyiq də yarışın keçirildiyi trasdakı drenaj sistemlərinin “lyuk”larını yerindən qoparmağa yetərlidir. Çünki kanalizasiya “lyuk”unu hava axını yuxarı dartır.

Məhz bu səbəbdən həm şəhər, həm də stansionar treklərdə bolidlərin keçəcəyi təhlükəli sahələrdə kanalizasiya “lyuk”ları diqqətlə yoxlanır. “Lyuk”lar həlqəyə qaynaqlanır, yaxud da boltlarla bağlanır. Bakıda da belə olub.


Fəqət, kanalizasiya “lyuk”ları yenə qopur.

Bakıda Corc Rasselin də sessiya başlanandan 13 dəqiqə sonra kanalizasiya “lyuk”unun qalxması səbəbindən qəzaya uğramasının səbəbi budur.

Ən başlıcası isə budur ki, Bakıdakı insident “Formula-1” yarışlarında kanalizasiya “lyuk”u ilə bağlı ilk olay deyil.

Monako Qran-Prisi, 2016-cı il

İngilis çempion Censon Batton üç il əvvəlki yarış çətin ki, unuda. Monako Qran-Prisində əsas yarışdan əvvəlki təsnifat praktikasında o, gümüşü “Mercedes”in arxasınca rahatlıqla hərəkət edirdi.


Qəflətən Battonun bolidi güclü zərbə aldı, ön antiqanad darmadağın oldu. Detallar hər tərəfə səpələndi.

Səbəb kanalizasiya “lyuk”u idi. Niko Rosberq bir qədər əvvəl keçərək çuqun “lyuk”un qalxmasına səbəb olmuşdu. Censon Battonun isə sadəcə, bəxti gətirdi. O, həlak ola bilərdi.

Monako Qran-Prisi, 2010-cu il

Braziliyalı pilot Rubens Barikkello da 2010-cu ildə eyni vəziyyətə düşmüşdü. O da Rosberq təki kanalizasiya “lyuk”unun üstündən keçəndə “lyuk” qəflətən qalxıb və bolidin arxa hissəsi ilə sol təkərə dəyib.

Niko Rosberq yarışa davam etmişdisə, Rubensin bolidi yana sapdı, sədlərə dəydi və bir neçə dəfə çevrildi.

Çin Qran-Prisi, 2005-ci il

2005-ci ildəki yarışda kanalizasiya “lyuk”u Xuan-Pablo Montoyyanın bolidini sıradan çıxarmışdı. 20 kq ağırlığında “lyuk” bolidin alt hissəsinin böyük qismini darmadağın etmişdi.

Təkərin şini deşilmiş, radiator və pontonlar xəsarət almışdılar.Buna rəğmən, kolumbiyalı pilot yarışa davam etdi. Fəqət, 8 dövrə sonra mühərrik sıradan çıxdı.

Şanxay Qran-Prisi, 2004-cü il

Çinin Şanxay şəhərində, Pudun səmtində turinq-klass tipli yarış idi. Belə tipli bolidlər “Formula-1″in açıq təkərli ən yaxşı bolildləriən çatmasalar da, çox böyük sürətlə hərəkət edirlər.

Yarış zamanı kanalizasiya “lyuk”u Bernd Maylanderin bolidini az qala məhv edəcəkdi.

Məlum oldu ki, “lyuk”lar qaynaq edilməyib.

Monreal Qran-Prisi, 1990-cı il

İsveçrənin “Bryuon” komandasının ispan pilotu Hesus Pareyya həmin gün Kanadanın Monreal şəhərində, Jil Vilnöv adına trasda yarışa çıxmışdı. “Porsche 962″nin sükanı arxasında olan pilot öndəki bolin yaratdığı”qraund-effekt” nəticəsində yerindən qaldırdığı kanalizasiya “lyuk”unun “qurban”ı oldu.

“Lyuk”un zərbəsi nəticəsində bolid zərbədən kənara atıldı, yanacaq bakı deşildi, yanğın başlandı. Tüstü bürümüş trasa çıxan marşallar yarışı dayandırdılar.

Malayziya Qran-Prisi, 2017-ci il

Fransız pilot Romen Qrojan “Sepanq” avtodromundakı ikinci praktikada drenaj sisteminin nasazlığı ilə üzləşdi.

Fin pilot Valtteri Bottasın “Mercedes”inin sürətinin havaya qaldırdığı kanalizasiya “lyuk”u Qrojanını bolidinin arxa sağ təkərinə dəydi.

FİA insidenti kanalizizasiya “lyuk”larının qaynaq tikişlərinin köhnəlməsi ilə izah etdi.

… Beləliklə, gördüyümüz kimi, Bakıdakı insident “Formula-1″də gözlənilməz sürpriz olsa da, yeni hadisə deyil.