Akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş “Həyat bəxş elə” adlı xeyriyyə tədbiri keçirilib.
Tədbirdə Təhsil Naziliyinin, Yasamal Rayon İcra Hakimiyyətinin, Uşaqların Xoşbəxt Gələcəyi İctimai Birliyinin və digər qurumların nümayəndələri, şagirdlər, müəllimlər və valideynlər iştirak ediblər.
Bu il də liseyin şagird, müəllim və valideynlərdən ibarət kollektivi Uşaqların Xoşbəxt Gələcəyi İctimai Birliyinin təqdim etdiyi ürək qüsurlu 13 yaşlı Ləman Qurbanovaya əməliyyatı üçün dəstək olublar. Tədbir Zərifə xanıma həsr olunmuş dərslərlə başlayıb. Daha sonra qonaqlar xeyriyyə aksiyasına qoşulublar. Saat 12:00-da başlayan xeyriyyə konserti bir saat davam edib.
Tədbirdə çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov bildirib ki, Zərifə Əliyeva müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin – ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub. Akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir. Onun elmi fəaliyyəti çox zəngin və əhatəli olub.
Liseyin direktoru Mehriban Vəliyeva çıxış edərək Azərbaycan xalqının görkəmli alimi haqqında məlumat verib. Xalqımızın gözəl dəyərlərini yaşadan Zərifə xanımın xatirəsi qonaqlar tərəfindən də dərin hörmətlə anılıb.
Aksiyada toplanan vəsait Ləman Qurbanovanın əməliyyatı üçün Uşaqların Xoşbəxt Gələcəyi İctimai Birliyinə təqdim edilib.