Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı ilə keçirilən “Dünyamızı qoruyaq: Türk dünyasının adət-ənənələri” adlı onlayn rəsm müsabiqəsi başa çatıb.
Fonddan verilən məlumata görə, göndərilən rəsmlər 12 kateqoriya üzrə: “İrsimiz”, “Dədə Qorqud”, “Adət-ənənələr”, “Dünyamızı qoruyaq”, “Musiqi”, “Novruz”, “Səmazənlər”, “Milli Mətbəx”, “Xalçalar”, “Türk dünyasının qadınları”, “Oyunlar”, “Türk Birliyi” onlayn səsvermə yolu ilə seçilib, həmçinin beynəlxalq münsiflər heyəti tərəfindən də dəyərləndirilib.
6-9, 10-13, 14-17 yaş kateqoriyalarına daxil olan uşaqların arasından 1-ci, 2-ci, 3-cü yerlərin sahibləri, “Sülh”, “Birlik, “Bilik”, “Dostluq” nominasiyaları və QRAN-PRİ mükafatı üzrə qaliblər beynəlxalq münsiflər heyəti tərəfindən müəyyənləşdirilib.
Qeyd edilməlidir ki, müsabiqəyə Fonda üzv və müşahidəçi ölkələrdən, o cümlədən Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, və Macarıstanla yanaşı Türkmənistan, Bolqarıstan və Ukraynadan 700-ə yaxın rəsm işləri daxil olub. QRAN-PRİ mükafatına Məryəm Quluzadə (7 yaş, Azərbaycan) və Elif Bilge Zengin (7 yaş, Türkiyə) layiq görülüblər.
Göndərilən bütün rəsmlər və təsvir mətnləri əsasında Fond tərəfindən illüstrasiyalı kitab nəşr olunacaqdır. Kitabda türk dünyasının adət-ənənələrinin, mədəniyyətinin və irsinin nə qədər zəngin olduğu daha da aydın görünəcəkdir.
Pandemiya (COVİD-19) ilə əlaqədar xüsusi karantin rejimi bitdikdən sonra müsabiqədə qalib gələn şəxslər Fond tərəfindən sertifikat və hədiyyələrlə mükafatlandırılacaqdır.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu “Dünyamızı qoruyaq: Türk dünyasının adət – ənənələri” müsabiqəsinə balaca dostlarımızın göndərdiyi rəsmlərin əsasında xüsusi yaradılmış onlayn qalereyasını açıq elan edir.
Bu haqda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva qeyd edib.
“Bu layihənin ideyası dünyamızın gözlənilmədən ciddi və təhlükəli vəziyyətlə üzləşdiyi vaxtda, insan həyatına təhdid edilən bir zamanda yarandı.
Müsabiqənin məqsədi yaşadığımız çətin günlərdə mədəniyyət və incəsənətin, bilik əldə etməyin həyatımızda nə qədər mühüm amil olduğunu göstərməkdir.
Mən çox şadam ki, yaranmış vəziyyətə baxmayaraq, uşaqlarımız boş vaxtlarını düzgün təşkil edə bildilər və türk dünyası irsinin çoxyönlü olduğunu əks etdirən şəkilləri müsabiqəyə göndərdilər”, – deyə təşkilatın rəhbəri əlavə edib.
Onun sözlərinə görə, rəsmlər türk xalqlarının zəngin mənəvi dünyasını: ayinləri, mərasimləri, adət-ənənələri, oyunlarımızı, musiqimizi nümayiş etdirir. Şəkillərdə qədim türk dastanlarından parçalar, folklorumuzun ölməz qəhrəmanları da əks olunmuşdur.
“Eyni zamanda fərəhli cəhətdir ki, uşaqlar ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin əhəmiyyətini anlayaraq, öz işlərində bunu ifadə etməyə çalışmışlar.
Bu layihə həmçinin uşaqlarımızın böyük yaradıcılıq potensialını göstərdi. Mən inanıram ki, müsabiqədə iştirak edən hər bir uşaq gələcəkdə bu potensialı tam şəkildə həyata keçirə biləcək və cəmiyyətdə öz layiqli yerini tutacaqdır.
Əziz uşaqlar, gəlin dünyamızı öz bacarığımızla, savadımızla və köklərimizə, tariximizə, mədəniyyətimizə, irsimizə sədaqətimizlə qoruyaq!
Qarşıda sizi böyük və maraqlı bir həyat gözləyir. Sizə can sağlığı və xoşbəxtlik diləyirəm!”, – deyə G.Əfəndiyeva vurğulayıb.
Müsabiqənin qalibləri https://itchf.org/gallery/ saytında xüsusi yaradılmış qalereyada yerləşdirilib.