Avropanın daha bir ölkəsində “Halloween” bayramı zamanı uşaqlara paylanan şirniyyatların içərisində yad əşyalar aşkarlanıb. Avstriya bu cür hadisənin qeydə alındığı ikinci ölkə olub.
Lints şəhərində yaşayan 28 yaşlı ata övladlarının “Halloween” zamanı topladığı şirniyyatları yoxlayarkən şokolad batonlarının və marmelad konfetlərinin içərisində gizlədilmiş, təxminən bir santimetr uzunluğunda xırda mismarlar aşkar edib.
Polis hadisə ilə bağlı araşdırmaya başlayıb. Hüquq-mühafizə orqanları Lints şəhərinin Oed rayonunda Bütün Müqəddəslər Günü ərəfəsində toplanmış şirniyyatların yeyilməməsi barədə sakinlərə xəbərdarlıq ediblər.
Oxşar hadisələr Almaniyada da qeydə alınıb. Baden-Vürtemberq əyalətində ailələr fındıqlı şirniyyatların içərisində gizlədilmiş iynələr, Bavariyada isə saqqız və şokolad batonlarının içərisində vintlər və iynələr aşkar ediblər.
Hannover şəhərində 9 yaşlı qız üç konfetin içərisində tikiş iynələri tapıb. Polisin məlumatına görə, baş verən hadisələr nəticəsində xəsarət alan olmayıb.



