Göbələyi bişirmək zəhərini öldürür? – Ekspertdən AÇIQLAMA

Qaxda 7 nəfərin göbələkdən zəhərlənməsi təbiətdən toplanan və istehlak edilən göbələklərin təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirir. Zəhərli göbələkləri zahiri görünüşünə görə yeməli növlərdən ayırmaq hər zaman mümkün olmadığından, insanların həm göbələk alarkən, həm də təbiətdən toplayarkən diqqətli olması vacibdir. Digər tərəfdən, göbələklərin bişirilməsinin zəhərli maddələri aradan qaldırıb-qaldırmaması, zəhərlənmənin ilkin əlamətləri və vaxtında tibbi müdaxilənin əhəmiyyəti barədə maarifləndirməyə ehtiyac var.

Bəs, zəhərli göbələkləri yeməli növlərdən etibarlı şəkildə ayırmaq mümkündürmü və insanlar göbələk seçərkən hansı təhlükəsizlik qaydalarına əməl etməlidirlər? Bişirmə zəhərli maddələri tam zərərsizləşdirirmi, zəhərlənmənin ilk əlamətləri hansılardır və belə vəziyyətdə hansı təcili tədbirlər görülməlidir?
Göbələyi bişirmək zəhərini öldürür? - Ekspertdən AÇIQLAMA

Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən qida eksperti Fərid Səfərov bildirib ki, göbələk zəhərlənmələri ciddi sağlamlıq təhlükəsi yaradır. Xüsusilə təbiətdən toplanan göbələklərdə yeməli və zəhərli növləri bir-birindən ayırmaq hər zaman asan deyil.

“Bəzi zəhərli göbələklər xarici görünüşünə, rənginə və formasına görə yeməli növlərə çox bənzəyir. Hətta təcrübəli insanlar belə onları səhv sala bilərlər. Buna görə də yalnız görünüşə əsaslanaraq göbələyin təhlükəsiz olduğunu müəyyən etmək mümkün deyil. Göbələk alarkən etibarlı satış məntəqələrinə üstünlük verilməli, mənşəyi məlum olmayan, nəzarətsiz şəraitdə satılan və xarab olma əlamətləri olan məhsullar alınmamalıdır. Təbiətdən göbələk toplayarkən isə növün dəqiq müəyyənləşdirilməsinə əmin olunmadıqda onu qətiyyən istehlak etmək olmaz. Xüsusilə yol kənarlarından, sənaye və çirklənmiş ərazilərdən toplanan göbələklərdən də uzaq durmaq lazımdır. Göbələklərin bişirilməsi zəhərli maddələri tamamilə zərərsizləşdirmir. Bəzi göbələk toksinləri yüksək temperaturun təsirinə davamlıdır və qaynadılma, qızardılma, qurudulma və ya dondurulma nəticəsində parçalanmır. Buna görə də zəhərli göbələyi bişirməklə təhlükəsiz məhsula çevirmək mümkün deyil”.

Ekspert bildirib ki, zəhərlənmənin ilkin əlamətləri ürəkbulanma, qusma, qarında ağrı və spazmlar, ishal, başgicəllənmə, halsızlıq və tərləmə ola bilər:

“Bəzi zəhərli göbələklər isə görmə pozğunluğu, şüur dəyişikliyi, qıcolma, qaraciyər və böyrək zədələnməsi kimi daha ağır fəsadlara səbəb ola bilər. Xüsusilə nəzərə alınmalıdır ki, bəzi təhlükəli göbələk zəhərlənmələrində əlamətlər bir neçə saat, hətta daha gec müddətdə üzə çıxa bilər. Buna görə də simptomların dərhal başlamaması təhlükənin olmadığı anlamına gəlmir. Belə hallarda ilk növbədə təcili tibbi yardım çağırılmalı və zərərçəkən vaxt itirmədən xəstəxanaya çatdırılmalıdır. Özbaşına qusdurmaq, süd, spirtli içki və ya müxtəlif xalq təbabəti vasitələri vermək olmaz. Həkim məsləhəti olmadan dərman qəbul etmək də təhlükəlidir. Mümkündürsə, yeyilmiş göbələyin qalıqları və ya onun fotosu saxlanılaraq həkimə təqdim edilməlidir. Eyni göbələkdən yemiş, lakin hələ heç bir əlaməti olmayan digər şəxslər də tibbi müayinədən keçməlidirlər. Təbiətdən toplanan hər göbələyin yeməli olduğunu düşünmək ciddi səhvdir. Göbələk zəhərlənmələrinin qarşısının alınmasında ən etibarlı üsul mənşəyi və növü məlum olmayan yabanı göbələkləri istehlak etməməkdir”.