Şəkli Fərman çəkib…

0
822

İş elə gətirib ki, iyirmi beş illik qəzetçi ömrümün rəsmən 2 il 9 ayı, reallıqda isə düz 21 ili qəzet tərtibatı məsələləri, yəni redaksiyada katibliyin işiylə bağlı olub. Bu illər ərzində acılı-şirinli, dərhal unudulmuş və ya heç vaxt unudulmayacaq çox hadisənin birbaşa iştirakçısı, yaxud şahidi olmuşam. Bir sıra fakt da var ki, bilavasitə sovet sisteminin mahiyyətindən, bu sistemin “suyu üfürə-üfürə içmək”, hər şeyə qarşı özünü qabaqcadan sığortalamaq xüsusiyyətindən xəbər verir.

Yaddaşımın küncündə qalaqlanmış çoxsaylı belə faktdan ikisini təqdim edir və konkret tarix göstərmədiyimə görə məni üzrlü saymağınızı xahiş eləyirəm. Yüz faizlik dəqiqliyin olmaması isə yalnız redaktorun şəxsiyyəti ilə bağlıdır: məqsədim redaktordan deyil, konkret faktdan söz açmaq olsa da məni başqa cür başa düşə bilərlər…

***

Növbəti nömrə planlaşdırılarkən sonuncu – 4-cü səhifə üçün tibb işçilərinin mədəniyyət evində (indi həmin yerdə “Four Seasons” hoteli ucalır) açılışı olmuş fotoqrafların respublika sərgisindən fotoreportaj təklif elədim. Təklif bəyənildi və… Redaktor fotoşəkillərə baxmaq üçün əlini mənə tərəf uzatdı. Dörd və ya beş kadrdan birinə ilişəsi oldu: “Bu kimdir?”

Çiyinlərimi çəkdim, yəni nə bilim? Məgər bədii fotodan dəqiq ünvan, ad-soyad, tarix tələb olunarmı?

Dedi: “Fotoqrafla, – bu, indiki AZƏRTAC-ın çox tanınmış, yerli millətdən olmayan fotomüxbiri idi, – əlaqə saxla, gör şəklini çəkdiyi qız kimdir, harda işləyir, harda oxuyur. Komsomolçudursa, indiyə olan üzvlük haqqını ödəyibmi, komsomolçu deyilsə, əxlaq baxımından necə adamdır və sairə”… Lap elə bil “şerşe lya fam”…

…Mən təbii ki, heç yerə zəng eləmədim, heç kimlə əlaqə saxlamadım – bu, sadəcə, hərf güdməkliyin, pedantlığın zirvəsi olardı və təkcə məni yox, çalışdığım qəzet redaksiyasını da gülüş, məsxərə hədəfinə çevirərdi.

Fotoreportaj saçları üzünə dağılmış həmin gözəlin fotosu – sərginin çoxsaylı eksponatlarından biri olmadan dərc edildi və redaktorun sualına “Belə məsləhət oldu” cavabını verdim.

Redaktoru qınamadım: Bakının orta göbəyində məşuqəsinin şərəfinə eyniadlı, Avropasayağı açıq kafe açdıran azərbaycanlı məmurun “rəşadət”i müqabilində onun hədsiz vasvasılığı toya getmək idi…

***

– Şəkli də olsun!..

Necə deyərlər, qısa və konkret. Redaktorun istəyi beləydi. Hərçənd hələ bilinmirdi ki, axşamadək nələr olacaq, planlaşdırılmayan hansı yazı, hansı şəkil bloku meydana çıxacaq, biz onları səhifəyə qoymağa məcbur olacağıq və istər-istəməz planlaşdırılmış səhifəni sökəcəyik. Amma…

Əslində, təqsir özümdə oldu: artıq üçüncü dəfəydi ki, bölgə müxbirinin Salyandan bir əmək və müharibə veteranı barədə hazırladığı zarisovkanı – katiblikdəki hazır material qismində – nömrəyə təklif edirdim. (Çox-çox sonralar Cəmil Əlibəyovun tövsiyəsi idi: “Bir material ki, iki dəfə nömrədən çıxdı, yəni getmədi, deməli, nəsə bir “əmma”sı var – onu üçüncü dəfə nömrəyə təklif eləmək olmaz”.)

Əvvəlki iki halda redaktor təklifimə məhəl qoymamış, dediyim elə özümə qalmışdı, bu dəfə isə o, hansısa hissin təsiri altında təklifimi ikiəlli dəstəklədi və gözlənilmədən yazını birinci səhifəyə tövsiyə elədi. “Şəkli də olsun!..” istəyi də bundan irəli gəlirdi.

Bir anlığa duruxdum, redaktorun xasiyyətinin tündlüyünü bilsəm də real vəziyyəti söyləməli oldum:

– Yazı şəkilsizdir, nəsə müxbirin ağlına gəlməyib ki, bu barədə düşünsün…

– Hardandır yazı?

– Salyandan.

– Nə uzaq yoldur ki?! Fərmana tapşır, gedib çəksin… Mətbəəyə göndərməmişdən qabaq mənə də göstərərsən…

Planlaşdırmadan sonra dişim bağırsağımı kəsə-kəsə tapşırığı fotomüxbir Fərman Bağırova çatdırdım, üstəlik, üzrxahlıq-fason mızıltıyla onun Salyana gedib-qayıtmasının redaktorun istəyi olduğunu da bildirdim. Fərman iş otağıma necə həvəslə gəlmişdisə, eyni pərtliklə geri döndü. Bölgə müxbirinin ünvanına bir-iki kəlməylə narazılığını bildirsə də, Allah üçünə, məni tam arxayın saldı: “Axşama şəkil sizdə olacaq” dedi.

…Təxminən saat 5 radələrində Fərman qayıtdı: sevindiyindən gözləri alışıb-yanırdı. Hansı çətinliklə Salyana getməsi, veterangilin evini və özünü necə tapması bir yana dursun, əsas məsələ redaksiya tapşırığının icra olunması idi – Fərman tapşırığı kifayət qədər keyfiyyətlə, özü də vaxtında yerinə yetirmişdi: təqdim elədiyi kadrda veteran təzəcə tikintisi başa çatmış ikimərtəbəli evinin qarşısında, döşü orden-medallı pencəyini çiyninə ataraq gilas ağacının kiçik budağından yapışdığı halda təsvir olunmuşdu. Biz qəzetçilərin dediyi kimi, “soçnı” (təzə, təravətli), mərkəzi partiya mətbuatı üçün qeyri-standart, insani bir kadr idi, əsl birinci səhifənin malı idi!

Şəkli götürüb redaktorun yanına getdik: mən irəlidə, Fərman arxamca.

Redaktorun stoluna yaxınlaşıb Fərmanın indicə Salyandan qayıtdığını və əla bir kadr gətirdiyini fəxrlə söylədim. Redaktorun sifətinə özündənrazılıq ifadəsi qondu, yəni görürsən də, mən dedim ki, fotomüxbiri göndər, nömrəyə şəkil gətirsin, o da tapşırığı bu tərzdə yerinə yetirib.

Amma bütün bunlar fotoşəkli redaktora uzatdığım ana qədər davam elədi, sonrası, necə deyərlər, gözlər olsun, görməsin. Redaktor özündən çıxdı, nə çıxdı! Əvvəl hirsini mənim üstümə tökdü, mənası da buydu ki, sizə xırdaca bir işi də etibar eləmək olmur, siyasi sayıqlığınızı tamamilə itiribsiniz; bu nə kadrdır belə, bunu birinci səhifəyə qoymaqmı olar?

Sonra Fərmana tərəf döndü: “Elə budumu çəkdiyin?”. Fərman mənə nisbətən belə məsələlərdə bişmiş adam olduğunu dərhal büruzə verdi: xeyr, xeyli kadr eləmişəm, amma biz – o, mənə işarə elədi, – məhz bunu seçdik… Redaktor əsəbi halda dedi: gətir o biri kadrları… Fərmanla birgə mən də otaqdan çıxmaq istəyəndə o, əliylə qalmağıma işarə elədi və oturub Fərmanın daha hansı kadrı gətirəcəyini gözləməli oldum…

Eyni kadr idi, amma bir qədər fərqli rakurslardan çəkilmişdi və bunların arasında həqiqətən ən yaxşısı, birinci səhifəyə layiq olanı elə ilkin variant idi.

Mizinin üstünə qoyulan kadrlara gözucu baxaraq, redaktor sanki öz-özünə danışırmış kimi, bircə kəlməylə: “Heç biri yaramaz!” dedi.

Cəsarətimi toplayıb, daxildə hirsimi boğaraq:

– Yaxşı, bəs onda necə olmalıdır bu kadr, – deyə soruşdum.

Sanki elə bu sualı gözləyirmiş:

– Birinci səhifədə verilən veteran bir az “solidni” görkəmdə olmalıdır, sizdə isə o, əhli-kefin birinə oxşayır, sanki oxucuya meydan oxuyur: buyurun, bu mən, bu da malım-mülküm…

– Mən sizi anladım, – deyib ayağa qalxdım, – İcazə verin, biz gedək və siz istəyən şəkli gətirək…

O, nə dediyimi aydın dərk etməsə də başını tərpətdi: yəni gedə bilərsiniz.

Çöldə Fərmana bir ipucu verdim: veteran pencəyini çiyninə atmış vəziyyətdə deyil, geyinmiş vəziyyətdə olsa, yəqin ki, bu, “solidni” sayılacaq…

Təxminən yarım saatdan sonra Fərman HƏMİN kadrı gətirdi: montaj işi əla yerinə yetirilmişdi, sanki veteran əvvəldən orden-medallı kostyumda imiş! Redaktorun dodaqaltı dediyi sözlər də bu fikrin təsdiqi oldu: “Bu, başqa məsələ…”.

Kadrın necəliyini “Kommunist” qəzetinin həmin sayının birinci səhifəsinə nəzər yetirməklə müəyyən etmək olar…

Bu ilin yanvarında ömrünün 83 yaş həddini arxada qoyan Fərman Rza oğlu Bağırovun fotojurnalist fəaliyyətində belə məqamlar “en” qədər olub, mənim bəxtimə isə bircəsinin şahidi olmaq düşüb.

Fərman 1959-cu ildən mətbuatda çalışıb – 1990-cı ilin sonunadək keçmiş “Kommunist” qəzetində işləyib, 1991-ci ilin ilk günündən bəri isə ölkə parlamentinin orqanı – rəsmi dövlət qəzeti “Azərbaycan”ın (əvvəllər “Həyat”ın) redaksiyasında illüstrasiya şöbəsinə rəhbərlik edib.

Fərman Bağırov rəsmi dövlət tədbirlərinin, o cümlədən parlamentin çoxcəhətli fəaliyyətinin işıqlandırılması sahəsində ixtisaslaşmış ən peşəkar fotojurnalistlərdən olub. Dəfələrlə beynəlxalq və keçmiş İttifaq səviyyəli sərgilərin, müsabiqələrin iştirakçısı və mükafatçısı olub, Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanına və sovet dönəmində əməkdar mədəniyyət işçisi fəxri adına, 2005-ci ildə isə Azərbaycan jurnalistikasının inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalına layiq görülüb, həmçinin, Azərbaycan Jurnalistlər İttifaqının (Birlik olmamışdan çox-çox öncə) “Qızıl qələm” mükafatını alıb, Azərbaycan jurnalist həmkarlar ittifaqı (AzərKİVİHİ) rəyasət heyətinin qərarı ilə mətbuatda uzunmüddətli qüsursuz fəaliyyətinə – fotopublisistika sahəsində yaradıcılıq uğurlarına, fotojurnalist kadrların hazırlanmasında xidmətlərinə görə “Kamil sənətkar” diplomu təqdim olunmaqla “Nailiyyət” mükafatı ilə təltif edilib.

Fərman Bağırov uzun illər BDU-nun jurnalistika fakültəsində fotojurnalistika ixtisasından seminar aparıb, yüzlərlə gənc jurnalistə foto sənətinin sirlərini öyrədib.

Oğlanları Camal və Elxan da əmək fəaliyyətinə fotomüxbir kimi başlayıb, müxtəlif KİV-lərdə çalışıblar; Fərmanın ömür-gün yoldaşı, mənimsə iş yoldaşım Zümrüd xanım və qızı Sevinc də ixtisasca jurnalistdirlər…

P.S. Üzün qara olsun, “taclı” virus”! Fərman hələ bu dünyayla xudahafizləşməyə hazırlaşmırdı və buna layiq də deyildi. Allah sənə rəhmət eləsin, gözəl sənətkar!


 

Şakir Yaqubov

2 dəfə Əməkdar mədəniyyət işçisi