May 22-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Sumqayıt şəhəri, Sarıqaya bağlar sahəsi, Çinarlı küçəsində məişət tullantıları ərazisində dörd ədəd əl qumbarasının tapılması barədə məlumat daxil olub.
ANAMA-dan verilən məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları, Daxili İşlər Nazirliyinin Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin və Sumqayıt Təcili Tibbi Yardım Stansiyasının (STTYS) əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həmin əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində iki ədəd F-1 əl qumbarası, iki ədəd UZRQM partladıcısı və 37 ədəd 5.45 mm-lik patronlar aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Hərbi təyinatlı əşyaların ətrafında 300 kv.m əraziyə yerüstü, 50 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.