İtaliya mətbuatı: “Azərbaycan Ermənistanı küncə sıxışdırır”

0
319

İtaliyanın “La Verità”, “L’Antidiplomatico”, “Sardegnagol”, CIVG, “Giornale Diplomatico” kimi kütləvi informasiya vasitələrində Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin yazıları dərc olunub.

Bu barədə  Azərbaycanın İtaliyadakı səfirliyindən məlumat verilib.

Səfir həmin KİV-lərin bəzilərində Azərbaycanın işğal olunmuş ərazilərində keçirilmiş “seçkilər”, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə təhrif olunmuş və qərəzli məlumatları əks etdirən yazılara cavab verib.

Münaqişənin tarixi-hüquqi aspektləri, işğal olunmuş ərazilərimizdəki vəziyyət, orada keçirilmiş “seçkilər”in qeyri-qanuniliyi, onların beynəlxalq ictimaiyyət tərəfindən pislənilməsi, beynəlxalq təşkilatlarda münaqişə ilə bağlı qəbul edilmiş sənədlər, münaqişənin nizamlanmasına dair aparılan danışıqlar prosesi və bu xüsusda Azərbaycanın mövqeyi barədə məlumat verilib.

Həmçinin, İtaliyanın “Babilon magazine” və “Un mondo d’Italiani” onlayn qəzetlərində də yerli jurnalist Domeniko Letitsianın “Dağlıq Qarabağ: Azərbaycan Ermənistanı küncə sıxışdırır” və “Dağlıq Qarabağda seçkilər: Azərbaycan Ermənistanı küncə sıxışdırır” başlıqlı məqalələri dərc olunub.

İtaliyalı jurnalist Azərbaycanın işğal olunmuş ərazilərində keçirilmiş “seçkilər”in qeyri-qanuniliyinə diqqət yönəldib, həmin “seçkilər”in beynəlxalq ictimaiyyət tərəfindən sərt şəkildə tənqid edildiyini bildirib.

Məqalələrdə jurnalist Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun münaqişənin mərhələli həlli ilə bağlı fikirlərinə münasibətdə Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyanın açıqlamasına cavab olaraq, Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun fikirlərinə geniş yer ayırıb.

Məqalələrdə jurnalist Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təcavüzün ağır nəticələrindən də danışıb. Habelə, koronavirus epidemiyası ilə bağlı yaranmış mürəkkəb vəziyyətin iqtisadi çətinliklərdə boğulan Ermənistandan münaqişə ilə bağlı mövqeyini dəyişdirməsini və beynəlxalq təşkilatların sənədlərinə hörmət etməsini tələb etdiyini vurğulayıb.