Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə 800 mənzil veriləcək

0
926
Azərbaycanda Qarabağ müharibəsi əlillərinə bu vaxta qədər 6 144 avtomobil verilib.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Şöbəsinin məlumatında qeyd edilib. Bildirilib ki, ötən il seçkilərdə qələbə qazandıqdan sonra Prezident İlham Əliyevin imzaladığı ilk Fərmanın – 2018-ci il 19 aprel tarixli Fərmanın şəhid vərəsələrinə birdəfəlik ödəmənin (11 min manat) verilməsi ilə bağlı olması həssas qrupların sosial müdafiəsinin gücləndirilməsinin onun növbəti prezidentlik dövründə də siyasətinin başlıca istiqamətlərindən olduğunu təsdiq edib.

2019-cu il 28 yanvar tarixli Fərman isə birdəfəlik ödəmə verilməsi nəzərdə tutulan şəhid vərəsələrinin əhatə dairəsinin genişlənməsinə səbəb olub. Beləliklə, hər iki Fərmanın icrası olaraq, 12268 şəhidin vərəsələrinə ödəmə verilməsi (bunun üçün 135 milyon manat vəsait ayrılıb) nəzərdə tutulub. Ötən ilin noyabrın əvvəllərindən bu günədək onlardan artıq 6200-ə yaxın şəhidin 9054 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olunub:  2019-cu il ərzində digər vərəsələr də birdəfəlik ödəmə ilə təmin ediləcəklər.
Ümumilikdə seçkilərdən sonrakı dövrdə – Prezident cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın 2018-ci ilin 1 avqust tarixində şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün yeni mənzillərin təqdim olunması tədbirində iştirak etmələri, həmçinin 2019-cu il yanvarın 28-də şəhid ailələri ilə görüş keçirmələri bu kateqoriyalardan olan vətəndaşlara yüksək səviyyədə qayğının, hörmət və ehtiramın növbəti əməli təsdiqidir: “Mənzillərin təqdim olunması tədbirindən bir gün sonra dövlət başçısı Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 2018-ci ildə əlavə olaraq 20 milyon manat vəsait ayrılmasına dair Sərəncam imzaladı. Nəticədə 2018-ci ildə həmin kateqoriyalardan olan insanlara nəzərdə tutulduğundan (207 mənzil) 3 dəfə çox olmaqla 626 mənzil təqdim edildi və bu vaxta qədər mənzillə təmin edilənlərin sayı 6654 nəfərə çatıb”.
Qeyd edilib ki, 28 yanvar 2019-cu il tarixli Sərəncamla şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün mənzillərin alınması məqsədilə 35 milyon manat ayrılıb: “2019-cu ildə azı 800 mənzil həmin insanlara təqdim ediləcək. Eləcə də 18 mart 2019-cu il tarixli Sərəncamla müharibə əlillərinin minik avtomobilləri ilə təminatı üçün 5 milyon manat ayrılması 2019-cu ildə əlavə 400-dən artıq avtomobil alınmasına, nəticədə bu il müharibə əlillərinə nəzərdə tutulandan 3 dəfə çox, yəni 600-dək avtomobil verilməsinə imkan yaradır. Qeyd edək ki, müharibə əlillərinə ötən il 265 avtomobil, bu vaxta qədər isə 6144 avtomobil verilib.
Şəhid ailələri ilə görüşdə şəhid ailələrinə diqqət və qayğı göstərilməsinin onun fəaliyyətində daim prioritet təşkil etdiyini vurğulayan Prezident cənab İlham Əliyev bundan iki gün sonra imzaladığı 30 yanvar 2019-cu il tarixli Fərmanla şəhid ailəsi üçün Prezidentin aylıq təqaüdünün 242 manatdan 300 manata, eləcə də Əfqanıstanda şəhid olanların ailələri üçün Prezident təqaüdünün 21 fevral 2019-cu il tarixli Fərmanla 220 manatdan 300 manata çatdırılması ilə davam edib.