Sumqayıtdan Bakıya gələn sərnişinlərin sənədləri niyə qatara minməzdən əvvəl yoxlanmır? – Video

0
582

Xüsusi karantin rejimində tətbiq olunan hərəkət məhdudiyyəti ilə əlaqədar Sumqayıtdan Bakıya gələnlər əsasən ekspress qatarlardan istifadə edirlər. Təbii ki, yalnız xüsusi icazəsi olanlar bu qatarlara minə bilərlər. Məsələ burasındadır ki, kiminsə icazəsinin olub-olmadığı sərnişin qatara minməzdən əvvəl deyil, ya qatarda, ya da Bakiya çatdıqdan sonra yoxlanır. Bu da bəzi problemlərin yaranmasına səbəb olur.

hər gün Bakı-Sumqayıt-Bakı ekspress qatarından istifadə edən sərnişinlərdən biri polislərin xüsusi karantin rejiminə riayət olunub-olunmaması ilə bağlı sənəd yoxlama prosedurundan narazıdır. O deyir ki, sənədlərə Sumqayıtda qatara minərkən baxılmaması sərnişinlər üçün əlavə problem yaradır. Çünki sənədlər qatara mindikdən və ya Bakı Dəmiryol Vağzalına çatdıqdan sonra yoxlandıqda vağzalda sərnişinlər arasında həm sıxlıq yaranır, həm də 2 metrlik sosial məsafə saxlamaq mümkün olmur.

Digər tərəfdən, yoxlama nəticəsində sənədlərində problem aşkar edilən sərnişinlər cərimə olunmaqla yanaşı, onlardan Sumqayıta qayıtmaları tələb olunur. Bu zaman isə həmin istiqamətdə qatarlar cədvələ uyğun olaraq işləmədiyindən onlar çıxılmaz vəziyyətdə qalırlar.

Mövzu ilə bağlı “Xəzər Xəbər”in votsap nömrəsinə də qatarda çəkilmiş görüntü göndərilib. Görüntüdən aydın olur ki, polis qatar Sumqayıtdan yola düşdükdən sonra sərnişinlərin sənədlərini yoxlamağa başlayır.

Sumqayıt avtovağzalında da vəziyyət eynidir. Burda da sərnişinlərin sənədləri yoxlanmır.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirdi ki ölkədə xüsusi karantin rejiminə polis əməkdaşları və Daxili Qoşunların hərbçiləri tərəfindən edilən nəzarət qonşu ölkələrdə nümunə kimi göstərilir. Koronavirus təhlükəsi aradan qalxdıqdan sonra vətəndaşlar getdikləri istiqamətə rahat hərəkət edəcəklər. Ona görə də bu müvəqqəti olaraq yarana biləcək vaxt itkisinə hər bir vətəndaş anlayışla yanaşmalıdır.