Koronavirus səbəbindən dayandırılan Azərbaycan Premyer Liqasının arxada qalan 20 turunda “Qəbələ” 25 qola imza atıb.
“Qırmızı-qaralar”ın heyətində 9 futbolçu fərqlənib. Ən yaxşı bombardir cari mövsümün birinci yarısında 5 dəfə rəqib qapısına yol tapan Davit Volkovdur. Rövlan Muradovla qış transferi Nikolas Rayselin hər birinin 4 qolu var. Çempionatın bərpasından sonrakı 8 turda hər iki futbolçu bu göstəricini artırmaq imkanına malikdir. Keçirdiyi 4 qarşılaşmada yüksək orta məhsuldarlıq göstərən Rayselin cari mövsüm üçün komandamızın bombardiri olmaq şansları daha çoxdur.
Mövsüm ərzində vurulan qol sayında klub tarixinin rekordçusu Baqali Dabodur. O, 2017-2018-ci il mövsümündə 13 dəfə rəqib qapısına yol tapıb. Daniel Subotiç isə ondan 4 il əvvəl 12 qola imza atıb.
Ümumiyyətlə, indiyədək “Qəbələ”nin futbolçuları Premyer Liqada 6 dəfə mövsümdə 10 və daha çox qol vurub. Son 6 çempionatın hərəsində bir oyunçumuz buna nail olub. Bu futbolçulardan beşi legioner, biri yerlidir.