Dənizdə çalışan rayon qeydiyyatlı SOCAR işçiləri Bakıya buraxılmayacaq? – RƏSMİ AÇIQLAMA

0
388
Dənizdə çalışan rayon qeydiyyatlı SOCAR işçiləri Bakıya buraxılmayacaq? - RƏSMİ AÇIQLAMA

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargahın qərarında belə bir istisna yoxdur. Bu qadağa bütün rayon qeydiyyatlı vətəndaşlara şamil olunacaq”.

Bunu  açıqlamasında DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev SOCAR-ın rayon qeydiyyatında olan işçilərinin martın 19-dan sonra Bakıya girişinə icazə verilib-verilməyəcəyilə bağlı sualı cavablandırarkən deyib.

Onun sözlərinə görə, həmin işçilərin Bakıya, Sumqayıta və ya Abşerona qeydiyyatı yoxdursa, onlar inzibati əraziyə buraxılmayacaq: “Burada hər hansısa vəsiqə göstərmək əsas deyil. Əsas məsələ qeydiyyatdır”.

K.Əliyev bildirib ki, rayon qeydiyyatı olan vətəndaşlarımızın Bakı, Sumqayıt və Abşerondan rayonlara getməsində heç bir məhdudiyyət yoxdur: “Martın 29-dək onların Bakı, Sumqayıt Və Abşerona girişinə icazə verilməyəcək. Bu müddət ərzində tək Bakı, Sumqayıt və Abşerondan kənar qeydiyyatda olanlar üçün yox, eləcə də şəhər və rayonun özündə qeydiyyatda olanların kənara çıxması və ya harasa getməsi tövsiyə olunmur. Hər kəsə də məsləhət görülür ki, bu səfərləri təxirə salsınlar”.

Polkovnik görülən tədbirlərin yaranma səbəblərindən danışıb: “Qabaqlayıcı tədbirlər infeksiyanın yayılmasının qarşısının alınmasına yönəlib. Dünya üzrə ən vacib tədbirlərin belə təxirə salınması ona əsas verir ki, xəstəliyi ciddi hesab edək. Zənnimcə, hər kəs 3-5 günlük istirahətindən də imtina edə bilər. Çünki əsas məsələ sağlamlıqdır. Mütəxəssislərin də dediyi kimi bu xəstəliyin gizli şəkildə digərlərinə yoluxma ehtimalı var. Bu xəstəlikdən ən çox əziyyət çəkənlər yaşlı insanlardır. Bunu hər bir kəs başa düşməlidir ki, virusun daşıyıcısı ola bilər. Rayonlara və ya kəndə gedib, valideynlə görüşdükdən sonra onu yoluxdura bilər. 10 gün ərzində harasa getməmək, ev şəraitində oturmaq elə də çətin deyil”.

SOCAR-ın rəsmi nümayəndəsi İbrahim Əhmədov bildirib ki, ölkənin müxtəlif bölgələrində yaşayan və Abşeron yarımadası üzərindən dənizə işə gedən SOCAR işçiləri ilə bağlı olan məsələ Operativ Qərargahın səlahiyyətindədir: “SOCAR müvafiq təklifləri işləyib, Qərargaha təqdim edir. Qərar veriləndən sonra işçilərimiz məlumatlandırılacaq və ictimaiyyətə də açıqlama veriləcək”.