Ətraf mühitin mühafizəsinə töhfə vermək hər kəsin borcudur

0
537

      Plastik tullantıların zərərləri
Statistikaya görə, hər il dünyada 500 milyon ton plastik məhsul istehsal olunur. Plastik və polietilen məhsulların parçalanaraq yox olması üçün torpaqda 800, dənizdə isə 400 il vaxt lazım gəlir. Həmçinin yarım əsrdən sonra da plastik məhlul torpağa qarışaraq onu çirkləndirməyə davam edir. Plastik qablar hər il 120 milyon ton əlavə tullantının yaranmasına səbəb olur. Belə ki, dünyada plastik tullantıların yalnız 20 faizi təkrar emal olunur. Okeana atılan tullantıların 90 faizi də məhz plastikin payına düşür. Hər il okeanlara 150 ton plastik tullantı atılır. Okeanlarda böyük tullantı adaları əmələ gəlib. Hazırda 5 belə ada var. Onlardan ikisi Sakit, ikisi Atlantik, biri isə Hind okeanındadır. Plastik tullantılar vəhşi heyvan və quşların, balıqların ölümünə səbəb olur. Hər il milyonlarla dəniz canlısı plastik tullantılar səbəbindən tələf olur.
İnsan orqanizminə zərərli maddələrin 80 faizi plastik tullantılardan daxil olur. Plastik məhsulların tərkibinin əsasını insan sağlamlığı üçün təhlükəli olan bisfenol-A maddəsi təşkil edir. “Bisfenol A” fenol qrupuna aid olan üzvi birləşmədir. Bu maddə suda zəif həll olunsa da çənlərdə uzun müddət qaldıqda suya diffuziya edə bilir və insan orqanizmi üçün təhlükə yaradır.
ABŞ-ın Milli Toksikoloji Proqramının ekspertlərinin illər öncə keçirdikləri təcrübənin nəticələrinə əsasən, həmin maddə bir sıra xəstəliklərə, o cümlədən prostat və süd vəzi xərçənginin inkişafına yol açır.  Alimlərin sözlərinə görə, plastik qablar günəş isitməsi və ya təkrar istifadədən sonra daha təhlükəlidirlər.
Plastik və polietilen məhsullar yandırılarkən insan orqanizmi üçün zərərli kimyəvi maddə – dioksin ifraz olunur. Dioksin bənzər quruluşa malik kimyəvi maddələrin birləşməsindən formalaşır. Bu birləşmələr hidrogen, karbon, oksigen və xlor atomlarından ibarətdir. Araşdırmalardan məlum olub ki, plastik materialların isti su və ya birbaşa isti ilə təması nəticəsində də dioksin yaranır. Beynəlxalq Xərçəng Araşdırma İnstitutunun açıqlamasına görə, dioksin xərçəng xəstəliyi əmələ gətirir. Orqanizmə daxil olub yağ toxumasında yığılan maddənin xaric olması qeyri-mümkündür. Onun təsirinin azaldılması üçün dərman vasitələri yoxdur.
Alimlər qida məhsullarının plastik qablarda saxlanılması və qızdırılmasını da tövsiyə etmirlər.
İstifadə müddəti orta hesabla 20 dəqiqə olan polietilen paketlər ümumi tullantıların təxmini 10 faizini təşkil edir. Statistikaya görə, bir ailə il ərzində təqribi 500 polietilen paket istifadə edir. Həmin paketlərin çürüməsinə 500 ildən çox vaxt lazımdır.
Polietilenin üzərindəki bakteriyaların çoxluğu səbəbi ilə paketlərdəki ərzaqlar daha tez xarab olur. Kip bağlanmış şəffaf paketdə kondensat əmələ gəlir və müxtəlif göbələklər inkişaf edir. Polietilen məhsullar dondurulduqda isə ondan insan üçün zərərli olan toksinlər ayrılır.
Hər il dünyada 4 trilyon paket istifadə olunur, hər 1 dəqiqədə 1 milyon polietilen torba zibil qutusuna atılır.  Onlar ətraf mühitdə uzun müddət qalır və çürümür.

Plastik tullantılardan istifadənin azaldılması sahəsində görülən tədbirlər
Plastik tullantıların ətraf mühitə mənfi təsirlərinin azaldılması məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) beynəlxalq ekspertlərin iştirakı ilə maraqlı tərəflərin görüşünü təşkil edib”.
Nazirlik plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirlərinin azaldılması üzrə “Tədbirlər Planı” qəbul olunduqdan sonra bütün maraqlı tərəflərin iştirakı ilə mərhələli şəkildə tədbirlərin icrasına başlayacaq.
Planda ətraf mühitin çirklənməsində daha çox paya malik yüngül çəkili polietilen torbalardan istifadənin məhdudlaşdırılması,marketlərdə ödənişli sistemin tətbiqi və çox yüngül çəkili növlərinin isə tam qadağan edilməsi ilə bağlı təkliflər yer alıb.

ETSN rəsmisi qeyd edib ki, beynəlxalq təcrübə bu torbaların ödənişli olmasından sonra onlara olan tələbatın 95 faizədək azaldığını göstərir.Lakin polietilen torbalardan istifadəni azaltmaq üçün onların marketlərdə ödənişli olması onların yeganə həll üsulu deyil. Həmin materialların alternativləri , yəni kağız, parça, kətan torbaların istehsalının genişləndirilməsi ilə bağlı tədbirlər də nəzərdə tututlub və nazirlik beynəlxalq ekspertlərin iştirakı ilə maraqlı tərəflərin görüşünü təşkil edib. Gğrüşdə müvafiq qurumların,qeyri-hökumət təşkilatlarının və istehlakçı şirkətlərin nümayəndələri də iştirak edib.

Polietilen torbalar ətraf mühiti çirkləndirən əsas faktorlardan biridir. Bu torbalar təbii yolla çürüyüb,parçalanmır, torpağa qarışmır və uzun müddət tullantı kimi qalaraq, ətraf mühiti çirkləndirir. Marketlərdə polietilen torbaların pulla satılmasının tərəfdarıyıq, lakin qiymət məsələsini biz müəyyən etmirik. Bir daha qeyd edirəm ki, polietilen torbaların pullu olmasını isə dəstəkləyirik. Marketlərdə sellofan torbaların pulsuz verilməsi ilk baxışdan yaxşı bir təşəbbüs kimi görünür. Alıcılar da bundan pulsuzdur deyə məmnuniyyətlə istifadə edirlər. Ancaq bilmirlər ki, bu torbaların ətraf mühitə, flora və faunaya mənfi təsirləri hesaba gəlməyəcək dərəcədə böyükdür. Ona görə də, sellofan torbalardan istifadə tədricən məhdudlaşdırılmalıdır. Bu torbalar qısa müddət ərzində istifadə edildikdən sonra atılır və yol kənarında, ətraf ərazilərdə xoşagəlməz mənzərə yaradır.
Nazirlik bir müddət əvvəl polietilen torbaların tədricən azaldılması və məhdudlaşdırılması təşəbbüsünü irəli sürüb və bununla bağlı KİV nümayəndələrinin iştirakı ilə aksiyalar keçirilib, ictimaiyyət arasında sorğular aparılıb. Plastik və polietilen tullantılarının ətraf mühitə mənfi təsirlərinin azaldılması məqsədilə nazirlik tərəfindən kompleks tədbirlər planı hazırlanıb və qərar verilməsi üçün aidiyyəti qurumlara təqdim edilib. Hazırda polietilen torbaların pullu olması, plastik qablaşdırma materiallarından istifadənin məhdudlaşdırılması, alternativ qablaşdırma materiallarından istifadə üçün şəraitin yaradılması və bu kimi digər məsələlərlə bağlı təkliflər paketi razılaşdırma mərhələsindədir. ETSN vətəndaşlarımızı təmiz ətraf mühit üçün polietilen torbalardan imtina etməyə, alış-verişlərdə parça torbalardan və həsir zənbillərdən istifadə edərək ətraf mühitin qorunmasına töhfə verməyə çağırır.
Ətraf mühitin mühafizəsinə töhfə vermək hər kəsin borcudur. Burada məsuliyyət təkcə nazirliyin üzərinə düşmür. Hər kəs ana təbiətin qorunmasında pay sahibi olmalıdır. Bunun üçün ekoloji tərbiyə də əhəmiyyətlidir. Azyaşlılara əllərindəki plastik qabları onlar üçün ayrılmış xüsusi konteynerlərə atılmasını başa salmaq ətraf mühitin mühafizəsinə dair atılmış kiçik, amma gələcəkdə nəticəsi böyük olacaq bir addımdır. Bundan başqa, hər birimiz plastik qabların alternativlərindən – şüşə qablardan, polietilen torbaların əvəzləyicisi olan parça və ya kağız torbalardan istifadəyə üstünlük verməliyik.
İnanıram ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin keçirdiyi aksiya və tədbirlər tezliklə öz faydasını verəcək. Bir tərəfdən də Tədbirlər Planının təsdiq olunması nazirlik tərəfindən həyata keçirilən bu tədbirlərin daha davamlı, ardıcıl və digər aidiyyəti qurumlarla birgə koordinasiyalı idarə olunmasına kömək edəcək.

Azad Əliyev
İctimai Nəzarət Koalisiyasının
Ekologiya Departamentinin Sədri