UNEC rəqəmsal iqtisadiyyatla bağlı dünya alimlərini bir araya gətirəcək

0
420

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təşkilatçılığı, Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Bir kəmər, bir yol Elm” və Texnologiya Alyansının dəstəyi ilə Bakıda 13-14 fevral tarixlərində “Rəqəmsal iqtisadiyyat: müasir çağırışlar və real imkanlar” mövzusunda Beynəlxalq konfrans keçiriləcək.

Beynəlxalq konfransa Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Beynəlxalq Maliyyə Şirkəti, ABŞ-ın Linkoln Universiteti, Fransanın Monpelye Universiteti, Türkiyənin İstanbul Universiteti, Belarus Dövlət İqtisad Universiteti, Litvanın Mikolas Romeris Universiteti, Yunanıstanın Qərbi Makedoniya Universiteti, TİKA-Türkiyə İş Adamları Əməkdaşlıq və Əlaqələndirmə Agentliyi, İsrail-Azərbaycan Ticarət və Sənaye Palatası, Klariveyt Analitks və Rusiyanın Y.T. Qaydar adına İqtisadi Siyasət İnstitutu tərəfdaşlıq edir.
Beynəlxalq konfransa təşkilatçıların, tərəfdaş təşkilat və universitetlərin nümayəndələri, həmçinin ölkəmizin bir çox ali məktəblərinin rektorları, tanınmış akademiklər, Azərbaycanla bərabər, ümumilikdə 18 ölkədən – ABŞ, Çin, Hindistan, Yeni Zelandiya, Fransa, Almaniya, Türkiyə, Yunanıstan, Rumıniya, Xorvatiya, İsrail, Rusiya, Belarus, Litva, Estoniya, Qazaxıstan və Özbəkistandan olan alimlər iştirak edəcəklər.
Konfransın açılışı fevralın 13-də saat 10:00-da “Four Seasons” otelində (Neftçilər prospekti 1, Bakı) baş tutacaq. Tədbirin ilk günü plenar iclaslarda “Rəqəmsallıq, analitik göstəricilər və suni intellekt biznes və cəmiyyəti necə dəyişdirə bilər?”, “Rəqəmsallaşma təkamülünə vençur kapital investorlarının baxışı”, “ “Bir kəmər, bir yol” layihəsi çərçivəsində rəqəmsal iqtisadiyyatın və ticarətin inkişafı” mövzularında məruzələr dinləniləcək.
Konfrans işini UNEC-də davam etdirəcək. “Dövlət İdarəetməsinin Rəqəmsal Transformasiyası”, “Rəqəmsal Əməkdaşlığa Regional Baxış”, “Maliyyə Sektorunun Rəqəmsallaşması”, “Sosial Sahələrin və Təhsilin Rəqəmsal Transformasiyası” adlı panellərdə rəqəmsallaşmanın  iqtisadiyyatın bütün sahələrində tətbiqinə və bunun təhsildə özünü göstərməsinə dair müxtəlif mövzularda müzakirələr aparılacaq.
Beynəlxalq konfransın 2-ci günü isə “Azərbaycanda rəqəmsal iqtisadiyyat, gələcəyə baxış və xarici əməkdaşlıq”, “Rəqəmsal iqtisadiyyat: Risklər və həllər”, “İpək Yolunun rəqəmsallaşdırılması: imkanlar və problemlər”, “Estoniya dövlət sektorunda rəqəmsal çevrilmə prosesi” mövzularında plenar məruzələr dinləniləcək. Bundan başqa, “Rəqəmsal transformasiyada texnoloji”, “Humanitar və etik problemlər”, “Rəqəmsal valyutalar və elektron ticarət: potensial risklər və faydalar”, “Ağıllı şəhər: beynəlxalq təcrübə” adlı bölmə iclaslarında da konfransın mövzusuna aid alimlərin çıxışları olacaq, müzakirələr aparılacaq. Konfrans çərçivəsində, həmçinin informasiya texnologiyaları şirkətlərinin panel təqdimatları olacaq.