Azərbaycanın Moskvadakı səfirliyində Qara Yanvar şəhidlərinin nurlu xatirəsi anılıb

0
346

Azərbaycanın Moskvadakı səfirliyində Qara Yanvar şəhidlərinin nurlu xatirəsi anılıb.

Tədbirin əvvəlində səfirlikdə yanvarın 20-nə keçən gecə Bakıda şəhid olanların memorialı, habelə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin barelyefi önünə əklillər və çiçəklər qoyulub.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu matəm tədbirini açaraq, 30 illik tarixi olan hadisələrə qısa ekskurs edib. O vurğulayıb ki, bu faciəli tarix xalqımızın yaddaşına əbədi həkk olunub.

Rusiya Dövlət Dumasının Beynəlxalq işlər komitəsinin sədri Leonid Slutski, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) Beynəlxalq Araşdırmalar İnstitutunun Postsovet Məkanı Araşdırmaları Mərkəzinin direktoru Stanislav Çernyavski , Rusiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Yefim Pivovar, “Valday” Klubunun eksperti Fərhad İbrahimov 1990-cı ilin Qanlı Yanvar hadisələrinin faciəli nəticələrindən, dünya ictimaiyyətinin hadisələrə reaksiyasından danışıblar. Onlar ümidvar olduqlarını bildiriblər ki, bu faciə bir daha heç yerdə təkrarlanmayacaq.

Tədbirdə Moskvada akkreditə olunmuş xarici ölkələrin səfirləri və diplomatik korpusun nümayəndələri, Dövlət Dumasının deputatları, Rusiya ictimaiyyətinin, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin təmsilçiləri, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin, Azərbaycan diasporunun üzvləri iştirak ediblər.

Xatirə gecəsi matəm konserti ilə başa çatıb. Ehsan verilib.