Baş nazirin icbari tibbi sığorta qərarı – Hansı hallarda nə qədər ödəniləcək?

0
590

Baş nazir Əli Əsədovun 2020-ci il 10 yanvar tarixli qərarı ilə “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi” təsdiqlənib.

Qərarla tibbi xidmətlərlə əlaqədar müştərək maliyyələşmə məbləği tətbiq edilən hallar müəyyənləşib.

Bu məsələlər qərarın 10-cu maddəsi ilə tənzimlənir. Həmin maddədə tibbi xidmətlərə tətbiq edilən müştərək maliyyələşmə məbləğləri (tibbi xidmətin tarifinin sığortaolunan tərəfindən ödənilən hissəsi) açıqlanıb. Həmin tibbi xidmətlər müvafiq sənəddə nəzərdə tutulan halları əhatə edir.

Sığortaolunan ailə həkiminin (sahə pediatrı, sahə terapevti) göndərişi olmadan yaşayış və ya olduğu yer üzrə qeydiyyatda olduğu inzibati ərazidə ambulator şəraitdə ixtisaslı həkimə müraciət etdiyi təqdirdə, hər bir sığorta hadisəsinə görə beş manat müəyyənləşir.

Tibbi ərazi bölməsi daxilində digər inzibati ərazidə yerləşən tibb müəssisəsinə müraciət edilərsə, hər bir sığorta hadisəsinə görə məbləğ 5 manat olacaq.

Tibbi ərazi bölməsindən kənar yerləşən tibb müəssisəsinə müraciət etdiyi təqdirdə isə hər bir sığorta hadisəsinə görə 15 manat müəyyən edilir.

Sığortaolunan yaşayış və ya olduğu yer üzrə qeydiyyatda olduğu inzibati ərazidə yerləşən tibb müəssisəsi tərəfindən göndəriş vərəqəsi olmadan stasionar şəraitdə xidmətin göstərilməsi üçün tibbi ərazi bölməsi daxilində digər inzibati ərazidə yerləşən tibb müəssisəsinə müraciət etdiyi təqdirdə, ixtisaslı həkimin müayinəsi üçün məbləğ 5 manatdır.

Müayinənin nəticəsi olaraq ixtisaslı həkimin stasionar tibbi xidmətə göndərişi əsasında 100 manatdan artıq hər bir sığorta hadisəsinə görə 30 manat müəyyənləşir.

Sığortaolunan qeydiyyatda olduğu inzibati ərazi üzrə tibb müəssisəsi tərəfindən göndəriş vərəqəsi olmadan stasionar şəraitdə xidmətin göstərilməsi üçün tibbi ərazi bölməsindən kənar yerləşən tibb müəssisəsinə müraciət etdiyi təqdirdə, ixtisaslı həkimin müayinəsi üçün 15 manat pul ödəməli olacaq.

Müayinənin nəticəsi olaraq ixtisaslı həkimin stasionar tibbi xidmətə göndərişi əsasında 100 manatdan artıq hər bir sığorta hadisəsinə görə məbləğ 90 manatdır.

Sığortaolunan ixtisaslı həkimin göndərişi əsasında tibbi göstərişi olan, ambulator şəraitdə göstərilən MRT (maqnit-rezonans tomoqrafiyası) və KT (kompüter tomoqrafiyası) xidmətinə görə hər müraciət üçün 20 manat müştərək maliyyələşmə məbləği ödəyəcək.

Qeyd edək ki, “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nə daxil olan tibbi xidmətlər təcili və təxirəsalınmaz tibbi yardım, ilkin səhiyyə xidməti, ixtisaslaşdırılmış ambulator yardım, stasionar tibbi yardım növlərini əhatə edir.