“Gələn ildən fermerlərə subsidiyalar yalnız elektron qaydada veriləcək”

0
529

Gələn ildən Azərbaycanda fermerlərə subsidiyaların verilməsi yalnız elektron sistemlə həyata keçiriləcək.

Bunu Kənd Təsərrüfatı naziri İnam Kərimov Bakıda keçirilən Xarici Ticarət İştirakçılarının 2-ci Respublika Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 2019-cu ildə 430 min fermer elektron kənd təsərrüfatı sistemində qeydiyyatdan keçib. 270 min fermer isə payızlıq əkin üzrə bəyanatlarını bəyan ediblər.

İ.Kərimov bildirib ki, ÜDM-də kənd təsərrüfatının həcmi artmaqla yanaşı, 2019-cu ildə kənd təsərrüfatı məhsullarının ixracında ötən illə müqayisədə əsaslı artım qeydə alınıb.

Qeyd edək ki, bu gün Bakıda “Xarici ticarət iştirakçılarının II Respublika Forumu” keçirilir. Forumda 900-ə yaxın sahibkar iştirak edir. Forumda Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, Kənd Təsərrüfatı naziri İnam Kərimov, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli və başqa rəsmi şəxslər iştirak edir.