Yaponiya televiziyası yapon məhsullarının Azərbaycan vasitəsilə dünya bazarına çıxarılması barədə veriliş yayımlayıb

0
499

Yaponiyanın “Jetro Global Eye” telekanalı Mie prefekturasında istehsal edilən ərzaq məhsullarının Azərbaycan vasitəsilə dünya bazarlarına çıxarılması barədə cari ilin oktyabrında əldə edilmiş razılaşma haqqında xüsusi veriliş yayımlayıb.

Verilişdə Azərbaycanın “Herba Flora”, “Şirin” qənnadı fabriki və Bakı Limanı şirkətlərinin iştirakı ilə Yaponiyanın “HIS Co, Ltd” şirkəti arasında imzalanan müqavilənin əhəmiyyətinə xüsusi diqqət yetirilib.

Əvvəlcə Azərbaycanın coğrafi mövqeyi, Avropa ilə Asiyanın qovuşuğunda, tarixi İpək Yolunun üzərində yerləşməsi barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, Qafqazın ən inkişaf etmiş ölkəsi olan Azərbaycan tranzit hab olaraq müasir nəqliyyat-logistika və kommersiya imkanlarına malikdir. Bildirilir ki, layihənin reallaşmasında Yaponiya Kənd Təsərrüfatı, Meşəçilik və Balıqçılıq Nazirliyi, “HIS Co, Ltd” şirkəti və Yaponiya Xarici Ticarət Təşkilatı (JETRO) yaxından iştirak edəcəklər.

Verilişdə Azərbaycanın Yaponiyadakı müvəqqəti işlər vəkili Fərid Talıbovun, “Herba-Flora” şirkətinin təsisçisi Füzuli Hüseynovun, “Şirin” qənnadı fabrikinin kommersiya departamentinin müdiri Yusif Əliyevin, “HIS Co.Ltd” şirkətinin və Mie prefekturasının nümayəndələrinin müsahibələrinə geniş yer verilib. Müsahibələrdə qeyd edilir ki, Azərbaycanın tranzit mərkəz kimi formalaşması məqsədilə ölkə rəhbərliyinin həyata keçirdiyi infrastruktur layihələri həm Şimal-Cənub, həm Şərq-Qərb, həm də Şimal-Qərb istiqamətlərində əmtəələrin daşınması üçün çox əlverişli imkan yaradıb. Azərbaycanda müvafiq strukturlarını yaradan “HIS Co.Ltd” şirkəti bu imkanlardan faydalanaraq öz keyfiyyəti ilə seçilən yapon ərzaq məhsullarını Azərbaycan vasitəsilə həm MDB, həm Avropa, həm də Yaxın Şərq bazarlarına çıxarmağı planlaşdırır. Layihə çərçivəsində ilkin olaraq Mie prefekturasında yetişdirilən “Maça” və digər yaşıl çay növlərinin Azərbaycana ixracı nəzərdə tutulur. Əldə edilmiş razılaşmaya əsasən, Azərbaycanın “Herba Flora” şirkəti həmin məhsulları qablaşdıraraq yaşıl çay paketləri, “Şirin” qənnadı fabriki isə müxtəlif şirniyyatlar şəklində “Made in Azerbaijan” brendi ilə dünya bazarlarına ixracını təmin edəcək. Bu, yapon ərzaq məhsullarının dünya bazarlarına ixracını artırmaqla yanaşı, həm də Yaponiya və Azərbaycan şirkətləri üçün faydalı olacaq.

Verilişdə azərbaycanlı iş adamalarının Mie prefekturasına səfəri, burada istehsal edilən ərzaq məhsulları ilə yerində tanış olmaları, yerli iş adamları ilə apardıqları müzakirələr barədə kadrlara da geniş yer verilib.