Cocuq Mərcanlıya ilk marşrut xətti açılır

0
503

Cocuq Mərcanlı istiqamətində ilk dəfə olaraq marşrut açılır.

Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib. Onun sözlərinə görə, qurumun apardığı monitorinqlərin nəticəsi olaraq sərnişinlərin istifadəsinə yeni xətlər təqdim ediləcək:

“Belə ki, dekabrın 17-dən etibarən Cocuq Mərcanlı istiqamətinə Gəncə, Sumqayıt və Mingəçevirdən müntəzəm marşrut xətləri fəaliyyət göstərəcək. “Gəncə-Cocuq Mərcanlı” marşrutu üzrə avtobusların ilk yoladüşməsi dekabrın 17-si saat 10:30-da başlayacaq. Son dayanacaq Cocuq Mərcanlı olmaqla marşrut xətlərinin hərəkət sxemi Gəncə, Yevlax, Ağcabədi, Beyləqan, Horadiz olacaq”.

N.Allahyarova qeyd edib ki, “Mingəçevir-Cocuq Mərcanlı” marşrutu üzrə avtobusların ilk yoladüşmə saatı 09:00-da, qeyd olunan xətt üzrə dayanacaqlar Mingəçevir, Yevlax, Bərdə, Ağcabədi, Beyləqan, Füzuli, Cocuq Mərcanlı, habelə “Sumqayıt-Cocuq Mərcanlı” marşrutu üzrə avtobusların ilk yoladüşmə saatı 08:30-da olmaqla marşrut xətləri üzrə hərəkət sxemi Sumqayıt, Hacıqabul, Sabirabad, Saatlı, İmişli, Bəhramtəpə, Daşburun, Əhmədbəyli, Horadiz, Cocuq Mərcanlı kəndidir.

Gəncə-Cocuq Mərcanlı marşrutu üzrə hərəkət trayektoriyasının uzunluğu 268 km, Mingəçevir-Cocuq Mərcanlı marşrutu üzrə 247 km, Sumqayıt-Cocuq Mərcanlı istiqaməti üzrə isə 363 km-dir.

Qeyd edək ki, Cocuq Mərcanlı kəndində 508 nəfər sakin yaşayır.