Bakıda yeni Kiçik Su Elektrik Stansiyası istismara verildi – VİDEO

0
566

Cənubu Qafqaz regionunda ən yüksək faydalı iş əmsalına malik “Şimal-2” Elektrik Stansiyasının ərazisində Kiçik Su Elektrik Stansiyası tikilib.

Bu barədə  “Azərenerji” ASC-dən məlumat verilib.

“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti sentyabr ayında Şüvəlan qəsəbəsində istismara verilən 400 meqavatlıq “Şimal-2” Elektrik Stansiyasında daha bir irəliləyiş edib.

Belə ki, indiyədək “Şimal-2”nin buxar turbininin kondensatorunun soyudulması üçün Xəzər dənizindən götürülən su geri dönərək yenidən dənizə tökülürdüsə, artıq geri qayıdan həmin su yeni tikilən Kiçik Su Elektrik Stansiyasına daxil olur və suyun kinetik enerjisindən istifadə edilməklə enerji alınır.

Kiçik Su Elektrik Stansiyasının tikintisi yerli mütəxəssislər tərəfindən aparılıb və montaj prosesində yerli mütəxəsislərlə yanaşı xarici mütəxəssislər də iştirak edib. Stansiyanın tikintisi, sifariş verilən avadanlıqların gətirilməsi və montajı bir neçə ayın içində yekunlaşdırılıb.

300 kilovatlıq Kiçik Su Elektrik Stansiyası vasitəsi ilə il ərzində 2,5 milyon kilovat saata yaxın elektrik enerjisi alınacaq ki, bu da ölkənin ikinci böyük elektrik stansiyası olan “Şimal-1” və  “Şimal-2” Elektrik Stansiyalarının təsərrüfat ehtiyaclarını ödəməklə daxili tələbatına sərf olunacaq. Nəticədə, bu günə qədər “Şimal” Elektrik Stansiyasının daxili tələbatına sərf olunan elektrik enerjisi qənaət edilərək ümumi sistemə ötürüləcək.

Qeyd dək ki, “Azərenerji” ASC “Şimal” Elektrik Stansiyasında olduğu kimi digər elektrik stansiyalarında da analoji olaraq qayıdan sudan faydalanıb əlavə enerji istehsal etmək niyyətindədir. Artıq “Cənub” Elektrik Stansiyasının daxilində də belə bir Kiçik Su Elektrik Stansiyasının tikilməsi planlaşdırılıb.