Azərbaycanda ilk: Elektron Məhkəmənin mobil versiyası yaradıldı

0
470

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Azərbaycan məhkəmə sisteminin tarixində ilk dəfə olaraq Elektron Məhkəmənin mobil versiyası təqdim olunub.

 “Mobil Elektron Məhkəmə” yeni proqram təminatı Prezidentin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 3 aprel 2019-cu il tarixli Fərmanının icrası çərçivəsində Ədliyyə Nazirliyinin “Elektron məhkəmə” informasiya sistemi üzrə İşçi Qrupu tərəfindən hazırlanıb.

Mərkəzin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, hazırda Azərbaycanda hakimiyyətin hər üç qolu üzrə sistemli islahatlar aparılır:

“Mobil Elektron Məhkəmə” proqram təminatı ölkəmizdə rəqəmsal transformasiyanın daha bir nümunəsi olaraq, ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirəcək, məhkəməyə müraciət imkanlarını genişləndirəcək.

Beləliklə, proqram təminatı vətəndaş-mərkəzli bir addım olmaqla həm də sahibkarların işini asanlaşdıracaq, resurslara qənaət edəcək və səmərəliliyi artıracaq. Azərbaycanda qeyri-rezidentlərə m-rezidentlik təqdim edir, onda dünyada Azərbaycanın “Mobil Elektron Məhkəmə” tətbiqindən istifadə etmək olar”.

Ədliyyə Nazirliyinin “Elektron məhkəmə” informasiya sistemi üzrə İşçi Qrupunun rəhbəri, hakim Ramin Qurbanov qeyd edib ki, dünyada və Avropada mobil elektron məhkəmə tətbiqlərinə az rast gəlinir:

“Bunun səbəbi bu növ proqram təminatlarının hazırlanması üçün xüsusi yanaşmanın və eyni zamanda, böyük intellektual resursların tələb olunmasıdır. Azərbaycanda fəaliyyət göstərən milli mütəxəssislərimiz, o cümlədən hakim və məhkəmə aparatı işçiləri bu missiyanı layiqincə yerinə yetirə bilər”.

R.Qurbanov vurğulayıb ki, yaxın zamanda daha bir yenilik olacaq:

“Bu gün məhkəmə statistikası haqqında geniş məlumat verilmir. Rəqəmlə açıqlanan statistikanın da faydası yoxdur. Çünki vətəndaşlara anlaşıqlı olmur. Yaxın zamanda statistikanı intellektual cədvəllər formasında təqdim edəcəyik. Hazırda hansı məhkəmənin, hakimin məhsuldar işləməsi barədə məlumatımız olmur. Amma belə statistikayla hamıya məlum olacaq”.

Ali Məhkəmənin İnformasiya və Texnologiyalar şöbəsinin rəisi Mehman İbrahimov da mobil tətbiqin əhəmiyyətindən danışıb:

“Bu gün sevindirici haldır ki, mobil elektron məhkəmə tətbiqi istifadəyə verilib. Vətəndaş və sahibkar harda olduğundan asılı olmayaraq istədiyi vaxt elektron məhkəmə sisteminə qoşulub sənədlərinə, işinə baxa bilər.

Təqdimatda Dünya Bankı ilə birlikdə hazırlanan “Mobil Elektron məhkəmə”nin üstünlükləri barədə geniş məlumat verilib. Bildirilib ki, mobil tətbiq vasitəsilə məhkəmə işinin sənədləri ilə smartfonda tanış olmaq və endirmək, sahibkarlara ASAN imza ilə daxil olaraq sahib olduqları şirkətə aid işlər ilə tanış olmaq mümkündür.

Qeyd edək ki, “Mobil Elektron Məhkəmə” vasitəsilə məhkəmələrə mobil telefondan elektron qaydada iddia ərizələri vermek, sənədlər göndərmək, məhkəmə proseslərinin keçiriləcəyi vaxt və yer barədə məlumatlandırmaq, məhkəmə qərarlarının elektron almaq, hakim və məhkəmə barədə məlumat əldə etmək, məhkəmə statistikası ilə tanış olmaq və s. mümkündür.