Sabahdan Azərbaycana xaricdən gətirilən avtomobil benzininə 15 faiz gömrük rüsumu tətbiq olunacaq.
Nazirlər Kabinetinin 26 avqust 2019-cu il tarixli qərarı ilə “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə etdiyi dəyişikliyə görə, sentyabrın 1-dən 90 gün müddətində tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan ədədi ilə və tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox, 95-dən az oktan ədədi ilə avtomobil benzini 15 faiz gömrük rüsumundan azad edilib.
Rüsumun müvəqqəti ləğvi ilə bağlı müəyyənləşdirilmiş 90 gün müddəti sabah başa çatacaq və qərar qüvvədən düşəcək.
Qeyd edək ki, Nazirlər Kabineti 26 avqust 2019-cu il tarixli qərarı ilə “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə də dəyişiklik edib.
Sabahdan isə benzinin hər tonu üçün 200 manat aksiz dərəcəsi tətbiq olunacaq.