Mədəniyyət sahəsinin inkişafına töhfə verən qrant müsabiqələri davam etdirilir

0
547

Noyabrın 26-da Azərbaycan Milli Kitabxanasında Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Mədəniyyət Nazirliyinin 2020-ci ildə QHT layihələrinin maliyyələşməsi ilə bağlı elan etdiyi qrant müsabiqəsinə dair məlumatlandırma sessiyası təşkil olunub.

Tədbirdə hər iki qurumun nümayəndələri və QHT təmsilçiləri iştirak ediblər.

Mərasimdə çıxış edən Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov nazirliyin QHT-lərlə birgə həyata keçirdiyi tədbirlərdən, layihələrdən danışıb. Bu layihələrin mədəniyyət sahəsinin inkişafına verdiyi töhfələr baxımından əhəmiyyətini vurğulayıb: “Mədəniyyət Nazirliyi QHT-lərlə əməkdaşlığa xüsusi önəm verir. Bu istiqamətdə bir neçə ildir müxtəlif layihələr həyata keçirilir. Nazirlik Şuradan əlavə də qrant müsabiqələri reallaşdırır. Qanunvericiliyə uyğun olaraq, il ərzində iki dəfə qrant müsabiqəsi təşkil olunur. Gələn il üçün birinci müsabiqənin mövzusu artıq elan olunub, ikinci müsabiqənin mövzusu isə 2020-ci ilin birinci yarısında elan ediləcək”.

Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin İctimaiyyətlə əlaqələr və mətbuatla iş sektorunun müdiri Türkan Cəfərova qrant müsabiqəsi haqqında məlumat verib. Bildirib ki, qrant müsabiqəsi “Mədəniyyət sahəsində müasir informasiya texnologiyalarının tətbiqinə dair təşəbbüslər”, “Regionlarda mədəniyyətin inkişafına dair təşəbbüslər”, “Muzeylər, kitab işi və xalq yaradıcılığının inkişafına dair təşəbbüslər” istiqamətləri üzrə elan olunub. Hər istiqamət üzrə dörd qalib nəzərdə tutulub. Müsabiqənin müddəti 2-8 ay arasında müəyyən olunub. Qrant müsabiqəsinin ümumu məbləği 100 min manat təşkil edir.

Vurğulanıb ki, müsabiqə üzrə layihələrə dair sənədlərin qəbulu noyabrın 20-dən elektron qaydada həyata keçirilir. Müsabiqə prosesi 4 mərhələ üzrə aparılır. Sonuncu mərhələdə, yəni 2020-ci il fevralın 10-dan sonra layihələr Şurada müzakirə olunacaq və qaliblər elan ediləcək.

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nümayəndəsi Nədimə Rəhimli çıxış edərək Şuranın həyata keçirdiyi qrant müsabiqələri haqqında məlumat verib. Bildirib ki, Şura növbəti il üçün QHT layihələrinin maliyyələşməsi ilə bağlı 18 dövlət orqanı və digər qurumlarla birgə qrant müsabiqələri üzrə iş həyata keçirir. Bu gün müzakirə edilən qrant müsabiqəsi də Mədəniyyət Nazirliyi ilə birgə gerçəkləşdirilir. Müsabiqədə iştirak canlı təmaslar olmadan Sürətli Əlaqələndirmə və Layihələri İdarəetmə Sistemi (SƏLİS) vasitəsilə həyata keçiriləcək.

Qeyd olunub ki, bu sistemi yaratmaqda əsas məqsəd qeyri-hökumət təşkilatlarına dövlət dəstəyini müasir dövrün tələblərinə uyğun şəkildə təşkil etmək, QHT – dövlət münasibətlərində yeni əməkdaşlıq modelini formalaşdırmaq, Şuranın fəaliyyətində şəffaflığı, hesabatlılığı və səmərəliliyi daha da artırmaq, mümkün neqativ halları və subyektiv amilləri sıfıra endirmək, ictimai nəzarəti və qərar qəbulu prosesində vətəndaş iştirakçılığını təmin etməkdən ibarətdir.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.