Nazirlikdən “uşaqpulu” təklifinə rəsmi cavab

0
481

Anar Kərimov bildirib ki, Azərbaycanda uşaqlara “uşaqpulu” verilməsə də, uşaqlı ailələrə 14 növ sosial müavinət verilir

 “Uşaqpulu” ünvanlılıq prinsipinə tam cavab vermir”. Bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov söyləyib.

A.Kərimov bildirib ki, Azərbaycanda uşaqlara “uşaqpulu” verilməsə də, uşaqlı ailələrə 14 növ sosial müavinət verilir: “Bu il ərzində bu məqsədlə 494 milyon manat ayrılıb. Bu müavinətlər isə 585 min uşağı əhatə edir. Təkcə bu il ərzində ölkədə ünvanlı sosial yardımdan 160 min uşaq bəhrələnib. Prezident İlham Əliyev də vurğulayır ki, dövlət vəsaitindən səmərəli, ünvanlı şəkildə istifadə olunmalıdır. “Uşaqpulu” isə ünvanlılıq prinsipinə tam cavab vermir”.

Qeyd edək ki, ötən gün Milli Məclisin plenar iclasında çıxış edən deputat Vahid Əhmədov bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev “uşaqpulu” ilə əlaqədar müxtəlif təkliflərlə çıxış etməlidir: “Bu gün “uşaqpulu”nun ödənilməsini təmin edə bilmərik” deməyi düzgün hesab etmirəm. “Uşaqpulu” verilməlidir. Demirik ki, bunu 18 yaşa kimi vermək lazımdır. Bununla bağlı da ümumi məxrəcə gəlmək lazımdır. Çünki cəmiyyət tərəfindən də bu məsələ səslənir. Hesab edirəm ki, “uşaqpulu” məsələsinə birbaşa “yox” demək düzgün deyil”.