Alimlər müəyyən ediblər ki, delfinlər də insanlar kimi yaşlandıqca sosial çevrələrini daraldır, daha seçici olur və yaxın münasibətlərə üstünlük verirlər.
“PLOS Biology” jurnalında dərc olunan araşdırma Avstraliyanın qərbindəki Köpəkbalığı körfəzində yaşayan 457 delfinin 1988–2025-ci illər ərzində müşahidəsinə əsaslanır. Tədqiqatçılar təxminən 65 min müşahidəni təhlil ediblər.
Nəticələr göstərib ki, gənc delfinlər böyük qruplarda olmağa üstünlük versələr də, yaşlandıqca sosial dairələri kiçilir. Onlar daha çox etibarlı tərəfdaşlara, qohumlara və uzunmüddətli tanışlara yaxın olurlar.
Maraqlı məqam isə sosial əlaqələrini qoruyan və ya genişləndirən delfinlərin daha uzun yaşamaq ehtimalının yüksək olmasıdır. Lakin alimlər sosiallığın birbaşa uzunömürlülüyə səbəb olduğunu hələ sübut etməyiblər.
Tədqiqatçılar hesab edirlər ki, bu xüsusiyyətlər delfinlərin sosial davranışları ilə insanların yaşlandıqca dəyişən münasibətləri arasında maraqlı paralellər yaradır.



